Avstraliyada 19 yaşlı gənc mərcə görə ilbiz yeyib komaya düşdükdən bir neçə il sonra dünyasını dəyişib.
AzPost Mirror nəşrinə istinadla xəbər verir ki, hadisə gənclərin dost məclisində baş verib.
Gənc reqbi oyunçusu Sem Ballard dostları ilə zarafatla mərcə girərək bağda gördükləri adi ilbizi udub. Lakin bu, həyatı bahasına başa gəlib. Sonradan məlum olub ki, ilbiz parazit qurdla yoluxubmuş. Bu orqanizmə düşdükdə sinir sisteminə ağır zərər vurur.
Bir neçə gün sonra Ballard ayaqlarında kəskin ağrılardan şikayətlənib, daha sonra onda beyin iltihabı inkişaf edib. Gənc koma vəziyyətinə düşüb və 420 gün ərzində huşsuz qalıb. Həkimlər onun həyatını xilas etməyə nail olsalar da, bədənindəki fəsadlar geri dönməz olub.
Koma vəziyyətindən çıxdıqdan sonra Sem tam iflic qalıb, yemək qəbulunda və bədən temperaturunu tənzimləməkdə ciddi çətinliklər çəkib. O, səkkiz il müddətində ağır müalicə alıb, lakin səhhəti tədricən pisləşib və sonda ürəyi dayanıb.
Gəncin ailə üzvləri bildiriblər ki, onlar dostlarını günahlandırmırlar, çünki heç kim bu cür sadə zarafatın ölümcül nəticə verəcəyini düşünməyib.