2021-ci ilin altı ayı uğurlu, yoxsa uğursuz olub? –STM sorğu keçirib (NƏTİCƏLƏR) 

Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların COVID-19 pasportu, vaksinasiya, ilin ilk altı ayına və toylara münasibətlərini öyrənib.

Azpost.info bildirir ki, STM bununla bağlı rəy sorğusunun nəticələrini açıqlayıb.

2021-ci ilin yarısının geridə qaldığını nəzərə alaraq, sorğuda iştirak edənlərdən keçmiş 6 ayın onlar üçün necə keçdiyi soruşulub. Başqa sözlə, respondentlərdən şəxsi kontekstdə ilin dəyərləndirilməsi istənilib. Respondentlərin yarıdan çox hissəsi (63.0%) üçün keçən 6 ay bu və ya digər dərəcədə uğurlu, demək olar ki, üçdə bir hissəsi (33.0%) üçün isə uğursuz olub.

Bakı və Dağlıq Şirvanda yaşayanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər digər bölgələrə nisbətdə ən azı 10.0% daha çoxdur. Yaş cəhətdən 26-35 yaş aralığında olanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər daha azdır. Baxmayaraq ki, seçmənin üçdə biri üçün ilin ilk 6 ayı uğursuz keçib, yalnız 10.0% respondent yarım ilin uğursuz davam edəcəyini düşünür. Bu nəticə insanlar arasında olan nikbinlikdən xəbər verir ki, bunun da bir sıra səbəbləri var. Pandemiya şərtlərinin yumşaldılması, əmək bazarında canlanmanın başlanması, şəhərlər və rayonlararası daxili hərəkətə icazənin verilməsi və şənlik mərasimlərinin bərpası nikbinliyin arxasındakı səbəblər kimi qarşıya çıxır.

Sorğu Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1072 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda əhatə edilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov hərbi birləşmə komandirləri ilə müşavirə keçirdi –

Sonrakı məqalə

Erməni yaraqlıları məhkəmədə Azərbaycan xalqından üzr istəyib