Ötən il dünyada 1500-dən çox insan edam edilib ki, bu da son doqquz ilin ən yüksək göstəricisidir.
AzPost xəbər verir ki, bu barədə Amnesty İnternational hüquq müdafiə təşkilatının ölüm hökmünün tətbiqi ilə bağlı illik hesabatında bildirilir.
Hesabata görə, 2024-cü ildə 1518 edam qeydə alınıb ki, bu da ən azı 1634 nəfərin edam edildiyi 2015-ci ildən bəri ən yüksək göstəricidir. Edamların əksəriyyəti Yaxın Şərqdə həyata keçirilib. Statistikaya Çin, eləcə də Əfqanıstan, Vyetnam və Şimali Koreyada həyata keçirildiyi güman edilən minlərlə edam daxil edilmir. Davam edən münaqişələr səbəbindən Fələstin və Suriyadakı vəziyyətlə bağlı məlumat yoxdur.
Hesabatda edamların artmasına ən çox töhfə verən üç ölkənin olduğu müəyyən edilib: İran, İraq və Səudiyyə Ərəbistanı birlikdə 1380 edam icra edib. İraq əvvəlki illə müqayisədə edamları demək olar ki, dörd dəfə artırıb (16-dan 63-ə), Səudiyyə Ərəbistanı iki dəfə (172-dən 345-ə), İran isə daha 119 nəfəri (853-dən 972-yə) edam edib ki, bu da bütün qeydə alınmış edamların 64%-ni təşkil edir.
Bütün ölkələri, o cümlədən edamlarla bağlı məlumatların dövlət sirri olan ölkələri nəzərə alsaq, 2024-cü ildə ən çox edam cəzasına məruz qalan ilk beş ölkə Çin, İran, Səudiyyə Ərəbistanı, İraq (63) və Yəmən (38) olub. İlk onluqda həmçinin Somali (34), ABŞ (25), Misir (13), Sinqapur (9) və Küveyt (6) yer alıb. Omanda üç edam qeydə alınıb.
2024-cü ildə edamların 40%-dən çoxu narkotiklə əlaqəli cinayətlərə görə olub. Belə cinayətlərə görə edamlar Çin, İran, Səudiyyə Ərəbistanı, Sinqapur və ehtimal ki, Vyetnamda geniş şəkildə tətbiq olunur. “Narkotiklərə görə ölüm hökmləri çox vaxt qeyri-mütənasib şəkildə imkansız təbəqədən olan insanlara verilir və onların narkotiklərin qanunsuz dövriyyəsini azaltdığına dair heç bir etibarlı sübut yoxdur”, – Amnesty International-ın baş katibi Aqnes Kallamard bildirib.
Edamların sayının artmasına baxmayaraq, onlar cəmi 15 ölkədə həyata keçirilib ki, bu da ardıcıl ikinci il üçün ən aşağı göstəricidir. Hazırda 113 ölkə ölüm hökmünü tamamilə ləğv edib, 145 ölkədə isə ya qanunla ləğv edilib, ya da praktikada tətbiq edilmir.