Noyabrda bu liderlər COP29 üçün Bakıya gələcək

 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Nəticədə Bakı bu ilin noyabrında keçiriləcək COP29 zamanı iki həftə ərzində dünyanın müxtəlif ölklərindən gələn qonaqlara ev sahibliyi edəcək.  

Bəs COP nədir?

COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. BMT-nin  İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun – Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib.

COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdü. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Ondan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

Bu il COP29-da hansı liderlərin iştirakı gözlənilir?

Tədbirlə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir çox dövlət başçısına məktub ünvanlanıb, eyni zamanda səlahiyyətli nümayəndələr tərəfindən görüşlərdə prezidentin dəvəti çatdırılıb.

Əsas dəvətləri nəzərə alaraq deyə bilərik ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Yaponiyanın Baş naziri Fumio Kişida, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Finlandiya Prezidenti Aleksandr Stubba,  Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino, Serbiya Prezidenti Aleksandar Vuçiç,   İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anri, İsveç Baş naziri Ulf Kristersson, Portuqaliya prezidenti Marselo Rebelo de Sousa bakıya gələcək.

Bundan başqa Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarının, Qayana, Surinam və Ekvador prezidentlərinin, parlament sədrləri, deputatların və eyni zamanda qeyri-hökumət təşkilatları rəhbərlərinin də iştirakı gözlənilir.

Xatırladaq ki, bununla bərabər Azərbaycana təqribən 70-80 min xarici qonağın gələcəyi gözlənilir(modern.az).

Əvvəlki məqalə

Bakı-Şamaxı yolundakı sürüşmə sahəsində çatlar yaranıb

Sonrakı məqalə

Ərdoğan Azərbaycan səfərini təxirə saldı