Vətəndaş “Qurtuluş 93” MTK-nı özbaşınalıqda ittiham edir

Bakıda fəaliyyət göstərən “Qurtuluş 93” Mənzil-Tikinti Kooperativi ilə bağlı vətəndaş şikayəti ictimai müzakirələrə səbəb olub. Vətəndaş Əhəd Məmmədov sosial şəbəkədə paylaşdığı açıqlamada MTK-nın uzun illər sonra əsassız ödəniş tələb etdiyini bildirib.

AzPost xəbər verir ki, şikayətə görə, Əhəd Məmmədov təxminən 15 il əvvəl yaşadığı mənzildə təmir işləri aparıb və həmin dövrdə MTK tərəfindən tələb olunan icazə ödənişini ödəyib. Onun sözlərinə görə, bina üzrə sayğacların quraşdırılması normalda dövlət və ya kommunal qurumların vəsaiti hesabına həyata keçirilməlidir. Hətta bu məsuliyyət sakinlərin üzərinə düşsə belə, 15 il ərzində heç bir ödəniş tələb edilmədən sayğacların istifadəsinə icazə verilməsi suallar doğurur.

Vətəndaş iddia edir ki, mənzili satmaq istədiyi zaman MTK tərəfindən məcburi şəkildə əlavə ödəniş tələb olunub. Daha ciddi problem isə təqdim edilən sənəddə ödənişin səbəbinin “təmir zamanı” kimi göstərilməsidir. Bu isə yeni ev sahibinin ödənişi qəbul etməməsinə səbəb olub. Alıcı sənəddəki izaha əsaslanaraq, ödənişin satıcının üzərinə düşdüyünü bildirib.

Əhəd Məmmədov qeyd edir ki, MTK şifahi şəkildə bu məbləğin guya sayğacların yeni sahibin adına dəyişdirilməsi üçün alındığını desə də, rəsmi sənəddə bu əksini tapmayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və məsuliyyətin kimə aid olduğu qeyri-müəyyən qalıb.

Ən ciddi iddialardan biri isə ondan ibarətdir ki, sözügedən ödəniş edilməsəydi, MTK kupça üçün tələb olunan sənədi verməyəcəkdi. Bu da faktiki olaraq vətəndaşın mülkiyyət hüququnun reallaşmasına maneə yaradılması kimi qiymətləndirilir.

Şikayətçi bildirir ki, böyük ehtimalla sayğacların pulu illər əvvəl sakinlərdən alınıb, lakin hazırda bunu sübut edəcək sənədlər yoxdur. O, baş verənləri özbaşınalıq və vətəndaşın hüquqlarının pozulması kimi dəyərləndirir və aidiyyəti dövlət qurumlarından kömək istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.