Aprel ayında baş verən bir hadisə sosial mediada müzakirə mövzusuna çevrilib. AzPost.az xəbər verir ki, Nicat Nemətzadə adlı vətəndaş şəxsi hesabında yaşadığı narahatlıqla bağlı paylaşım edərək, Azercell-in “akart” istifadəçilərinə göndərdiyi SMS kampaniyasının qeyri-dəqiqliyindən şikayətlənib.
Onun sözlərinə görə, mobil operatorun göndərdiyi mesajda qeyd olunurdu ki, “Baku Electronics” mağazasında bütün məhsullara 50 faiz endirim tətbiq olunur. Bu xəbərdən sevinən vətəndaş iPhone 16 Pro Max modelindən iki ədəd almaq üçün mağazaya yollanıb. Lakin mağazanın saytında endirimlərin “50 faizədək” olduğunu görüb.
Nicat Nemətzadə bildirir ki, məsələ ilə bağlı Azercell-in akart xidməti ilə əlaqə saxlayıb. Ona göndərilən SMS-in texniki səbəbdən yanlış yazıldığı və şirkətin bu səbəbdən heç bir məsuliyyət daşımadığı bildirilib. Narazı qalan vətəndaş hüquqlarının müdafiəsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.
Araşdırma prosesi zamanı vətəndaşdan sözügedən SMS və mağazanın saytından real endirimi əks etdirən ekran görüntüsü göndərilməsi tələb olunub. Daha sonra akart nümayəndəsi ilə telefon danışığı zamanı Nicat Nemətzadə məsələnin ciddiliyini diqqətə çatdırıb və bildirib ki, tarif dəyişiklikləri və digər vacib bildirişlər SMS vasitəsilə göndərilir və bu halda da SMS hüquqi əsas sayılır. Qarşı tərəf isə dəfələrlə yayındıqdan sonra bunu etiraf edib.
Maraqlı məqam odur ki, vətəndaşa təklif olunan kompensasiya cəmi 100 AZN mağaza kuponu və 30 GB internet olub. Halbuki vətəndaş endirimli qiymət hesabı ilə təqribən 1000 AZN dəyərində alış-veriş etməyi planlaşdırıbmış. Nicat Nemətzadə isə cavab olaraq bildirib ki, onun cibində həmin məbləğ var idi və məsələni sonradan deyil, öncədən hüquqi çərçivədə həll etmək istəyib.