Bakıda keçmiş həyat yoldaşlarına aliment borcunu ödəməyən iki kişi həbs olunub. AzPost Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məhkəmə qərarları artıq qüvvəyə minib.
Məlumata görə, Qaradağ Rayon Məhkəməsi tərəfindən Salyan rayonunun Sarvan kənd sakini, 1988-ci il təvəllüdlü A.Ağayev barəsində hökm çıxarılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını və ya digər aktını icra etməmə) ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
A.Ağayev keçmiş həyat yoldaşına 3 uşağa görə aylıq aliment ödəməli olduğu halda, uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Nəticədə onun 38 139 manat aliment borcu yaranıb. Məlum olub ki, o, daha əvvəl də qəsdən sağlamlığa ağır zərər vurma (126.1-ci maddə) ittihamı ilə məsuliyyətə cəlb edilib və 2019-cu ildə Əfv Sərəncamı ilə azadlığa buraxılıb. Lakin bu dəfə məhkəmə zalındaca həbs olunub.
Oxşar qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən də qəbul edilib. Belə ki, Şamaxı rayon sakini, 1979-cu il təvəllüdlü T.Əliyev aliment borcunu ödəmədiyinə görə 1 il həbs cəzası alıb. Onun da keçmiş həyat yoldaşına qarşı 18 912 manat aliment borcu yığılıb. T.Əliyev barəsində əvvəllər başqa yerə getməmək haqqında iltizam tədbiri seçilsə də, borcunu ödəmədiyi üçün məhkəmə zalında qandallanaraq həbs edilib.