Hikmət Hacıyev: “Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir”

“Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycanın məqsədi budur, biz mülki şəxslərlə döyüş aparmırıq, aparmayacağıq da”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında olan fərq də budur: “Biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentalitetidir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir”.

  1. Hacıyev qeyd edib ki, Xarici işlər naziri tərəfindən artıq Minsk Qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara bu barədə məlumat verilib: “Bu, gördüyünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır ki, bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında qırğına səbəb olmaq. Bu, Azərbaycan xalqını qorxutmur. Xalqımız daha da möhkəmdir, gördüyünüz kimi, Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz, digər şəhərlərimizdə – Tərtər, Gəncə, Mingəçevirdə olduğu kimi. Bu, xalqımızı daha da möhkəmləndirir”.

Prezidentin köməkçisi deyib ki, əgər onlar bununla Azərbaycan xalqının əzmini sındıra biləcəklərini düşünürlərsə, yanılırlar: “Biz bundan sonra Tərtərə də gedəcəyik, atırlar-atsınlar. Amma Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğaldan azad olunacaq. Bir sözlər, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar, gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız dediyi kimi, iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq. Onlar döyüş meydanında bir-bir cəzalandırılır. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir. Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin müdafiə naziri olan şəxs də cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar. Ali Baş Komandan demişkən, iti qovan kimi hamısını qovacağıq”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman UNICEF-in icraçı direktoruna müraciət edib

Sonrakı məqalə