Azərbaycanda pensiya, müavinət və təqaüdlərin vətəndaşların əlavə müraciətinə ehtiyac olmadan elektron sistem üzərindən təyin edilməsi davam etdirilir.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Azpost.info-ya verilən məlumata görə, bu ilin ilk 7 ayında 110 mindən çox sosial ödəniş proaktiv qaydada təyin olunub.
DSMF bildirir ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 110,7 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Təyinatların:
24,6 mini pensiya;
75,5 mini müavinət;
10,6 mini isə təqaüd olub.
Beləliklə, həyata keçirilən təyinatların böyük hissəsini müavinətlər təşkil edib.
Proaktiv təyinat mexanizmi vətəndaşın sosial ödəniş almaq hüququ yarandıqda bunun üçün ayrıca müraciət etmədən elektron sistemlər vasitəsilə müəyyənləşdirilməsinə və ödənişin avtomatik təyin edilməsinə imkan verir.
Bu yanaşma sosial xidmətlərin daha sürətli və rahat göstərilməsinə, vətəndaşların qurumlara müraciət və sənəd toplamaqla bağlı yükünün azaldılmasına xidmət edir.