Elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniyaya səfər zamanı Dövlət Proqramı çərçivəsində burada təhsil alan tələbələrlə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, hazırda dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsindən biri olan London Universitet Kollecində təhsilini davam etdirən Dövlət Proqramı təqaüdçüsü Aytac Hüseynli görüş barədə maraqlı paylaşım edib:
“2018-ci ilin may ayında RFO qaliblərinin mükafatlandırılma mərasimində Emin Əmrullayevlə şəkil çəkdirərkən ağlıma gəlməzdi ki, tam 7 il sonra elm və təhsil naziri ilə yenidən söhbət etmək, şəkil çəkdirmək imkanı qazanacam, özü də Londonda, Dövlət Proqramının qalibi kimi.
Görüş mənim üçün olduqca səmimi keçdi. Cənab nazirin məni təmkinlə dinləməyi və suallarımı cavablandırmağı mənə çox xoş oldu. Nazir Dövlət Proqramının gənclərə olan etimadın göstəricisi olduğunu vurğuladı və hər birimizin bu etimadı layiqincə doğrultmalı olduğumuzu qeyd etdi. Mən də TOP10-a daxil olan universitetdə təhsil alan tələbə kimi bu məsuliyyəti dərk edirəm və ölkəyə qayıdıb öz töhfəmi verməyi səbirsizliklə gözləyirəm”, – deyə Aytac Hüseynli yazıb.