7 il əvvəl itkin düşən şəxsin qətli açıldı– Meyiti quyuda tapıldı / AÇIQLAMA

2019-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhərində itkin düşən Nadir Məmmədovun qətlə yetirildiyi müəyyənləşib.

Azpost.info-nun əlumatına görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, uzun müddət davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib.

Məlumata görə, Nadir Məmmədov 2019-cu ilin martında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb. Bununla bağlı polisə müraciət daxil olub və axtarış tədbirləri başlanıb.

Toplanmış materiallar əsasında 8 avqust 2019-cu ildə Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq çərçivəsində çoxsaylı tədbirlər görülsə də, Nadir Məmmədovun harada olduğu müəyyən edilməyib. Cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci ildə dayandırılıb.

Sonrakı illərdə prokurorluq və polis əməkdaşlarının koordinasiyalı fəaliyyəti, həmçinin əvvəllər toplanmış sübutların yenidən və hərtərəfli təhlili nəticəsində iş üzrə yeni nəticələr əldə olunub.

Qətlin təfərrüatları

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı, 1959-cu il təvəllüdlü Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqın məlumatına görə, 23 mart 2019-cu ildə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhərində idarə etdiyi avtomobilə mindirib.

Daha sonra onu Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən öz evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün saat 22 radələrində Ələkbərovun avtomobildə olan Nadir Məmmədovu boğaraq öldürdüyü, cinayəti gizlətmək məqsədilə meyiti həyətdəki istifadəsiz su quyusuna atdığı bildirilir.

Quyuda insan sümükləri tapılıb

20 sentyabr 2026-cı ildə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə – qəsdən adam öldürmə kimi tövsif edilib.

Ramiz Ələkbərov həmin gün şübhəli şəxs qismində tutulub. O, müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə ifadə verib və cinayəti törətdiyini etiraf edib.

Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilib.

İstintaqın məlumatına görə, Ələkbərovun göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı aparılıb. Qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq bildirir ki, ötən illərdən bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər davam etdirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.