Azərbaycanın müdafiə xərcləri artırılıb
21 Dekabr 2020 - 12:23

Gələn il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində (2020-ci illə müqayisədə 2,5 faiz-bənd çox) və ya 6678,6 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2020-ci ilə nisbətən 937,7 milyon manat və ya 16,3 faiz çoxdur.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 4585,8 milyon manatı və ya 68,7 faizi (2020-ci ilə nisbətən 781,6 milyon manat və ya 20,5 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 2092,8 milyon manatı və ya 31,3 faizi (2020-ci ilə nisbətən 156,1 milyon manat və ya 8,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək. Kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 2021-ci ilin dövlət büdcəsində 85,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 4,8 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2021-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 294,7 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 17,5 milyon manat və ya 6,3 faiz çoxdur.