Yanvarın 22-də səhər saatlarında Yaponiyanın cənub-şərqində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı on nəfər xəsarət alıb.
Yeraltı təkanların episentrinin Sakit okean sahillərində, ocağının 45 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.
Kyuşü adasında yerləşən Miyazaki prefekturasının Oita şəhərində xəsarət alanların əksəriyyətinin güclü təkan zamanı yıxılaraq yaralandıqları bildirilir. Həmin şəxslərin həyatı üçün heç bir təhlükə olmadığı da qeyd olunur. Həmçinin prefektura ərazisində yerləşən atom elektrik stansiyalarında da ştatdan kənar vəziyyətin qeydə alınmadığı deyilir.
Güclü zəlzələdən sonra bir neçə zəif yeraltı təkanın qeydə alındığı da vurğulanır.