Sultan Süleyman Füzuliyə “Leyli və Məcnun”a görə niyə qonorar verməyib? –Yeni detallar - Əkbər N.Nəcəf YAZIR

Tanınmış tarixçi Əkbər N.Nəcəf “Füzuli “Leyli və Məcnun”un qonorarını niyə ala bilməyib?”  məqaləsində əsərin yazılma tarixi ilə bağlı maraqlı məqamları qeyd edib.

Azpost.info həmin məqaləni oxucularına  təqdim edir:

XXX

Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının ən qədim nüsxəsi Diyarbəkirdə aşkarlanıb. Əlyazmanın 130-cu səhifəsində “Kitabi-Bayandır Bəyan” möhürünün yer alması əsərin Ağqoyunlu saray kitabxanasına məxsus olduğunu göstərir. Bu, əsərin Osmanlı hökmdarı Qanuni Sultan Süleymandan əvvəl Ağqoyunluların axırıncı hökmdarı Sultan Murada ithaf edildiyini təsdiqləyir.

Türkiyəli alim Necdet Sakaoğlunun aşkarladığı bu nüsxə, alimin öz fikrincə, Füzulinin “Leyli və Məcnun” poemasının bəlkə də ilk əlyazması hesab edilməlidir. Alim əlyazma haqqında qələmə aldığı bir məqaləsində tapılmış nüsxəni geniş təhlil edib.

Əlyazmanın başqalarından fərqi

Öncə onu deyək ki, professor Necdet Sakaoğlu əlyazmanı Diyarbəkirdə kitabxanaçı Şəfiq Gültəkin vasitəsilə tapıb. Tədqiqatçının satın aldığı 10-a yaxın qədim əlyazma arasında Ağqoyunlularla əlaqədar bir məcmuə ilə Füzulinin “Leyli və Məcnun” poemasının ilkin variantı da varmış.

Əlyazmanın yazıldığı tarix qeyd edilmsə də, alim onun ilk nüsxə olduğunu müəyyənləşdirib. Misal üçün, əlyazmada Ağqoyunlu dövlət simvollarının yer alması, Ağqoyunlu hökmdarı Sultan Muradın adının qeyd edilməsi, ən mühümü, səhifələrin birində əsərin Ağqoyunlu kitabxanasına aid olduğunu göstərən damğanın varlığı bunu təsdiqləyir.

Bir başqa mühüm dəlil isə əlyazmanın Ağqoyunlu sarayında formalaşan talik xətti ilə yazılmasıdır. Bu yazı növünü Ağqoyunlu saray katiblərindən Xacə Tac Səlmani İsfahani (vəfatı 1491) yaratmış və başqa bir Ağqoyunlu saray katibi Xacə Əbu-Hayy Münşi Əstərəbadi (vəfatı 1501) tərəfindən yazı üslubu kimi formalaşdırılmışdı. Talik yazısını Səfəvilər dövründə İxtiyarəddin Münşi (vəfatı 1582) daha da kamilləşdirmişdi.

Füzulinin tapılan məsnəvisi də bu yazı növünün meydana gəldiyi dövrdə qələmə alınıb.

Bütövlükdə əlyazma 141 vərəqdir, səhifələrin ölçüsü isə 15×20 sm-dir. Sarı abadi kağızına yazılmış və hər səhifədə 11 beyt var.

Əlyazmanın ilk və sondan iki vərəqi cırılıb. Məlum olur ki, əsər sonradan cildlənib. Amma cildləmə zamanı əlyazmanın orijinal nüsxəsinə toxunulmayıb.

Alim Necdet Sakaoğlu çoxsaylı mütəxəssislərin fikirlərinə istinadla belə qənaətə gəlib ki, əlyazma səhifələri üzərində aparılmış düzəlişlər Füzulinin özünə aiddir. Onun fikrincə, bu mətn indiyə qədər Füzulinin bəlli əsərləri arasında ən qədim əlyazma hesab edilməlidir.

Füzulinin Azərbaycanda tanınan əlyazmaları

Məlum olduğu kimi, Məhəmməd Füzulinin əsərləri Azərbaycanda axırıncı dəfə 2005-ci ildə nəşr edilib. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında altı cilddə hazırlanan Füzuli külliyatı məşhur alim Həmid Araslının (1909-1983) redəktəsi əsasında çap olunub. Külliyatın birinci cildinə əlavə edilmiş Həmid Araslının ön sözündən aydın olur ki, Füzulinin əsərlərinin nəşrində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan külliyatından istifadə edilib. Bu əlyazma instituta vaxtilə Salman Mümtaz tərəfindən verilib və onun 1569-1572-ci illər arasında yazıldığı bildirilir.

Füzuli külliyatının bir başqa qədim nüsxəsi isə Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır ki, bu əlyazmanın yazılma tarixi 1589-1590-cı illərə aiddir.

“Leyli və Məcnun”un ən qədim əlyazması isə hazırda Türkiyənin Topkapı Sarayı Kitabxanasında saxlanılır. Bu əlyazmanın 1579-cu ildə yazıldığı qeyd edilir.

Necdet Sakaoğlunun üzə çıxardığı yeni nüsxə isə Füzuliyə aid əlyazmalar arasında ən qədimidir və Ağqoyunlu mühitində yazılıb. Bu da tapılan əlyazmanın qiymətli bir nüsxə olduğundan xəbər verir.

Azərbaycan nəşrlərindəki böyük səhvlər

Elmi ədəbiyyatda Məhəmməd Füzulinin “Leyli və Məcnun” məsnəvisinin Osmanlı sultanı Qanuni Sultan Süleymanın 1534-1535-ci ildə Bağdad səfəri zamanı yazıldığı və Osmanlı hökmdarına ithaf edildiyi fikri hakimdir. Bu fikrə görə, əsər Taşlıcalı Yahya Bəylə Hayali Bəyin təşviqi ilə qələmə alınıb. Amma əlyazmada bu iki şəxsin adı qeyd edilmir.

Füzuli öz əsərini Sultan Süleymana təqdim etsə də, Osmanlı padşahından istədiyi maddi-mənəvi yardımı görə bilmədiyi ədəbiyyat tariximizdə yer alan fikirlər arasındadır. Amma tədqiqatçılar bir sualı cavabsız buraxıblar: Hansı səbədən belə bir əsər özü şair olan Sultan Süleyman tərəfindən yüksək dəyərləndirilməyib?

Sualın cavabı aydındır. Osmanlı sultanı bu əsərin özündən əvvəl başqa bir sultana ithaf oldunduğunu bilirdi. Tapılan yeni əlyazma nüsxəsi də bunu sübut edir.

Necdet Sakaoğlunun aşkarladığı Diyarbakır nüsxəsi onun Sultan Sülyemandan xeyli əvvəl yazıldığını göstərir… Bəlli olduğu kimi, Sultan Süleyman atası Yavuz Səlimin vəfatından sonra, 1520-ci ildə taxta çıxıb. Amma Füzuli “Leyli və Məcnun” məsnəvisini XV əsrin axırı, XVI əsrin əvvəllərində qələmə alıb. Yəni “Leyli və Məcnun” iddia edildiyi tarixdən ən azı 30 il əvvəl yazılıb.

Leyli və Məcnun məsnəvisinin bəlli əlyazmalarında “Bu bir təriq ilə kəsri-nəfsdir və müqəddimeyi-mədhipadişahi-əsrdir” adlı bir saqinamə yer alır. Saqainamənin Sultan Süleyman Qanuniyə itfah olunduğu həmin şeirin sonundakı

– Tuğrayi-misai Ali-Osman,
Sultani-sipəhşikən Süleyman, –

beytindən də aydın olur. Amma eyni saqinamənin bir yerində açıq-aydın Ağqoyunluların axırıncı hökmdarı Sultan Muradın adı çəkildiyi halda, bütün araşdrımaçılar həmin yeri səhv oxuyublar. Misal üçün, Azərbaycanda nəşr olunan “Leyli və Məcnu”nun axırıncı nəşrində (Füzuli əsərləri, 2-ci ild, Bakı 2005, s. 35) bu hissə belə verilir:

Ol padişahi-büləndbiniş,
Kim, xaki-rəhidir afəriniş.
Müstəhfizi-din, pənahi-islam,
Məxdumi-zəman, məlazi-əyyam.
Əbr istehsanü bərq kinə,

Şahənşahi-Məkkəvü Mədinə.
Müstəlzəmi-həq, müzilli-batil,
Sultani-muradboxşi-adil.
Ərbabi-hünər ümidgahi,
Türki ərəbü əcəm pənahi.

Azərbaycan nəşrində səhv oxunuşla birlikdə, işarələr də səhv qoyulub. Yəni “Məkkə vü Mədinə” yerinə “Məkkəvü Mədinə”, “bülənd-biniş” yerinə “büləndbiniş”, “Ol əbr-i səha vü bərki-künə” sətri isə tamamilə cəhv oxunaraq “Əbr istehsanü bərq kinə” yazılıb. Bu səhvləri bağışlamaq mümkündür, amma şeirin aşağıdaki hissəsi Füzuli əsərlərinə ölkəmizdəki münasibətin də nə yerdə olduğunu göstərir:

Müstəcir-i haq mahv-i batıl,
Sultan Murad Bəxş-i adil

yerinə Füzulinin Azərbaycan nəşrlərində bu beyt belə verilir:

Müstəlzəmi-həq, müsilli-batil,
Sultani-muradboxşi-adil.

“Müstəcir-i haqq” ilə “müstəlzəmi-həq” arasında böyük fərq olduğu kimi, Füzuli açıq şəkildə Ağqoyunlu hökmdarının adını “Sultan-i Murad Bəxşi-adil” olaraq yazarkən, bizim tədqiqatçılar bunu “Sultani-muradboxşi-adil” olaraq oxuyublar. Azərbaycan nəşrində yer alan bu beytdən “muradın sultanı, ədalət bəxş edən” mənası çıxdığı halda, doğru oxunuşda “Sultan Murad Adil-bəxş” hökmdar adı ortaya çıxır.

Tədqiqatçıların Ağqoyunlu tarixini bilməməsi Sultan Muradın “Adil-bəxş” ləqəbini daşıdığından bixəbər qalmalarına səbəb olub. Üstəlik, şeirdə keçən “Məkkə və Mədinənin şahənşahı” ifadəsi də onları dolaşığa salıb və bununla Sultan Süleymanın nəzərdə tutulduğu fikrini yaradıb. Halbuki Ağqoyunlular Məkkə və Mədinəyə sahib olmaq üçün uzun illər Misirdəki türk dövləti Məmlüklərlə mübarizə aparıblar.

Bir başqa xüsus isə “türkün, ərəbin və əcəmin” bir yerdə göstərilməsidir. Məlum olduğu kimi, Ağqoyunlu hökmdarı Sultan Murad “İraqi-Ərəb, İraqi-Əcəm və Azərbaycanın (türk)” hökmdarı hesab edilirdi.

Tapılan yeni nüsxədə bu şeirin sonunda Sultan Süleymanın adı qeyd edilmir. Üstəlik, əsl nüsxədə saqinamə 41 beyt olarkən, sonrakı nüsxələrdə bu say çoxalıb. Bu da göstərir ki, “Leyli və Məcnun” məsnəvisi Ağqoyunlu hökmdarı Sultan Murada yazılıb.

Məlum olduğu kimi, Sultan Murad 1498-1503-cü illər arasında Ağqoyunluların Bağdad hökmdarı, 1503-1508-ci llərdə isə Ağqoyunluların baş hökmdarı olub. Elə dahi şair Məhəmməd Füzuli də “Leyli və Məcnun”u 1498-1508-cü illər arasında Sultan Murad üçün yazıb.

Sultan Murad Ağqoyunlu hökmdarı Sultan Yaqubun oğlu olub, Sultan Əhməd Bəyin (Gödək Əhməd) 1498-ci ildə öldürülməsindən istifadə edərək Bağdadda özünü sultan elan etmiş, qardaşları və taxtın diqər iddiaçıları ilə mübarizəyə başlamışdı. Onun kiçik yaşda taxta çıxdığı məlumdur.

Araşdırmaçılar Füzulinin anadan olduğu tarixi dəqiq müəyyənləşdirə bilmirlər. Təzkirə müəlliflərinin bir çoxu onun 1480-ci ildə anadan olduğunu qeyd edirlər. Belədə Füzuli “Leyli və Məcnun”u 18-28 yaşları arasında yazıb və bu, onun ilk əsərlərindən biri hesab edilməlidir. Tapılan əlyazmada Ağqoyunlu hökmdarlarının “Bayandur möhürü”nün yer alması, Ağqoyunlu gerbinin olması və əlyazmanın Ağqoyunlu saray kitabxanasına aid olduğunu göstərən işarə ilə Sultan Muradın adının keçməsi bunu isbat edir.

Belə məlum olur ki, Füzuli “Leyli və Məcnun” əsərinə sonradan Sultan Süleymanın adını əlavə edərək 1534-1535-ci ildə Osmanlı padşahına təqdim edib. Amma Osmanlı padşahı əsərin ondan əvvəl başqa bir hökmdar adına yazıldığını bildiyi üçün şairin bu hərəkətini yüksək qiymətləndirməyib.

Əkbər N.Nəcəf

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.