Rusiya Avropaya qaz tədarükü üçün əsas kanal olan “Şimal axını” qaz kəmərini bu gündən bağlayıb.
Azpost.info bildirir ki, rəsmi açıqlamada kəmərin planlı təmir üçün dayandırıldığı bəyan edilib.
Qrafikə əsasən, təmir iyulun 21-i səhərə qədər davam etməlidir. Məlumata görə, qaz sənayesi obyektlərində, bir qayda olaraq ildə bir dəfə işlərin tam dayandırmaqla texniki xidmət aparılır. Profilaktik dayandırmalar qaz hasilatı və logistika zəncirində – yataqdan son istehlakçıya qədər sinxronlaşdırılır. Bu cədvəl bir çox ölkələrin qaz nəqli operatorları – istehsalçılar, istehlakçılar, tranzit ölkələr tərəfindən razılaşdırılır. Bu təmirin vaxtı keçən ilin sentyabrında dərc edilib və o vaxtdan bəri dəyişməyib.
Qərbin Rusiyaya sanksiyaları fonunda bu qərar əvvəllər heç vaxt belə bir həyəcan yaratmamışdı.
“Financial Times” yazıb ki, “Almaniya hökuməti Rusiyanın əsas qaz ixrac boru kəmərinin illik təmirindən istifadə edərək ölkəyə qaz nəqlini tamamilə kəsə biləcəyindən ehtiyat edir. Bu, Avropanın ən böyük iqtisadiyyatında qış enerji böhranı riskini artırır”.
Almaniya kansleri Olaf Şolz bu versiyanı belə şərh edib: “Bundan qorxmadığımı desəm, yalan demiş olaram… Bununla belə, nə və nə vaxt baş verəcəyi ilə bağlı fərziyyələrin heç bir mənası yoxdur”.
Hazırda “Şimal axını” 40% gücü ilə işləyir. Buna səbəb Kanadanın sanksiyaları səbəbindən boru kəmərinin turbinlərindən birinin Monrealdakı zavodda əsaslı təmirdən sonra geri qaytarılmamasıdır.
