“Sertifikasiyadan keçməyən müəllimlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov son imtahandan sonra 743 müəllimin əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı şərh edərkən bildirib.
Deputat deyib ki, sertifikasiya prosesinin sosial tərəflərinin də ayrıca olaraq qiymətləndirilməsinə ehtiyac var.
“Nazirlik təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsinə xitam verilən həssas qrupa aid şəxslərin işlə təminatını istisna etmir. Ancaq daha yaxşı olar ki, sertifikasiya nəticlərinin sosial risk təhlili aparılsın. Yəni, sertifikasiyadan keçməyənlərin ailələrində sosial vəziyyətin xüsusi qiymətləndirilməsinə ehtiyac var. Mümkündür ki, bir sıra ailələrdə sertifikasiyadan keçməyən müəllim ailəyə yeganə gəlir gətirən şəxsdir. Bu baxımdan, risk təhlili nəticələrinə uyğun olaraq yalnız həssas qrupların deyil, eyni zamanda sosial baxımdan təminata ehtiyacı olanların da məktəbdaxili texniki vəzifələrdə çalışmalarına imkan yaradılması məqsədəuyğundur”-deyə deputat yazıb.
V.Bayramov bildirib ki, 137 min müəllimin sertifikasiyadan keçməsinin planlaşdırıldığını nəzərə alsaq müqaviləsinə xitam verilənlərin sayının heç də az olmayacağı aydındır: “Buna görə də, prosesin sosial tərəflərinin diqqətdə saxlanılıb bu istiqamətdə də addımların atılmasına ehtiyac var”.
Azpost.info