Vətən müharibəsi qazisi Murad Bədəlzadə ona əlillik statusu verilməməsinə etiraz olaraq özünü zəhərləməyə cəhd edib.
Azpost.info bildirir ki, vaxtında 1 saylı Kliniki Xəstəxanaya çatdırılan qazi hazırda orada yatır.
Müharibə başlanan ilk gündən Murad könüllü olaraq cəbhəyə gedib. Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Piyada qoşunlarında atıcı olub. Müharibənin bitməyinə sayılı günlər qalmış Xocavənddə 631-ci yüksəklikdə yaralanıb, kəllə- beyin travması alıb. Ona F.7.1 , F.7.0, F.6.9, F.435, F.445 diaqnozları qoyulub.
Dəfələrlə həm Maştağa qəsəbəsində, həm də Lənkəranda ruhi dispanserdə müalicə alıb. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun əlil olmasını təsdiqləmir, imtina cavabı verir. Kəllə- beyin travması alsa da, EEQ aparatı onun sağlam olduğunu “göstərir”.
Qazi kiminsə ona maddi yardım etməsini istəmir, öz haqqını tələb edir: “Ali Baş komandanın əsgəriyəm, çağırsa, yenə Vətəni qorumağa gedərəm. Mən əlillik statusumu və bir işlə təmin olunmaq istəyirəm”.
Murad Bədəlzadə Ali Baş Komandanın əmri ilə “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Murad Bədəlzadənin əmisi Rövşən Bədəlov 1990-cı ildə Lənkərana sovet ordusunun hərbi müdaxiləsinə etiraz hərəkatı zamanı şəhid olub, cəsədi ruslar tərəfindən yandırılıb.
Azpost.info
