Azərbaycan radiosunun qocaman diktoru, əməkdar artist Sevda Məmmədzadə Azpost.info-ya müsahibə verb.
Azpost.info müsahibəni oxucularına təqdim edir:
…Qocaman diktor Sevda Məmmədzadə ilə yaşadığı ünvanda, jurnalistlər binasının qarşısındakı köşkdə görüşdük. Bu görüş, bu müsahibə üçün nəzərdə tutulmayan xeyli mətləblərdən söz saldı, gah güldü, gah da kövrəldi.
Bir zaman Azərbaycan Daxili İşlər nazirliyinin müstəntiqi olmuş qardaşından, Kembric məzunu professor bacısından danışdı, yeganə övladından, nəvəsindən söz saldı, dönə-dönə fəxrlə öz atasını xatırladı, “mənim atam Cavid əfəndinin yetirməsi Saleh Məmmədzadə filoloq idi” söylədi və sonra da skamyada yerini rahatlayıb başladı ona ünvanlanan sualları cavablandırmağa.
Sevda xanım, necəsiniz? Sentyabr ayının 13-ü ad gününüz idi, gecikmiş təbrikimi qəbul edin. Yaşınızı soruşummu?
– Qadından yaş soruşmazlar, əfəndim (gülür)
–Elə bilirdim ki, siz Bakıda doğulmusunuz, amma paytaxt şəhərində böyüdüyünüzü, təhsil aldığınızı bilirəm.
– Çoxları elə bilir ki, mən Bakıda dünyaya göz açmışam, amma elə deyil. Öncə onu qeyd edim ki, atam, ixtisasca loloq olan
Saleh Məmmədzadə 1926-cı ildə doğma Ağdaş rayonundan Bakıya gəlib. Mənim atam seminariya məzunu kimi böyük şair mütəfəkkir Hüseyn Cavidin tələbəsi olub Atam əməkdar müəllim idi, evdə həmişə böyük müəllimindən söz açardı. O, Cavid əfəndidən yorulmadan, saatlarla şövqlə, sevgiylə elə danışardı ki.. Hə, axı onu da danışacaqdım, necə olub ki, mən Şəkidə doğulmuşam. Həmin dövrlər əyalətlərdə kadr qıtlığı olduğundan mənim atamı da ailəsi ilə birlikdə Şəkiyə yollayıblar. Daha sonra mən doğulmuşam və atam iş yerini dəyişəndə biz ailəlikcə, mən isə lap körpə çağımda, anamın qucağında qayıtmışıq Bakıya. Bakıya köçəndən sonra atama ev veriblər. Filarmoniyanın qarşısında həmin hündür binada yaşayırdıq. Uşaqlığım da, gəncliyim də burada keçib. 132 saylı orta məktəbi bitirəndən sonra da Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşam, filologiya fakültəsinə.
–Sizi ilk dəfə kəşf eləyib radioya gətirən, efirə dəvət edən kim olub?
– Məni nə kəşf edən olub, nə də radioya, efi rə dəvət edən. Mən radioya müsabiqə yolu ilə gəlmişəm. Mənə bu yolda dəstək olanlar da vardı. Bizim tələbəlik illərində universitetdə seminar məşğələləri olurdu.
Hər dəfə dilçi alim, sevimli müəllimimiz Əzəl Dəmirçizadə keçdiyi fənni tək mənə oxutdurardı. Böyük pedaqoq, müəllim zövq alardı səsimdən…Hər dəfə də Əzəl müəllim mənə deyərdi ki, qızım çox gözəl səsin və diksiyan var, sən yaxşı diktor ola bilərsən. Allah bütün müəllimlərimizə də rəhmət eləsin (köksünü ötürür). Təsadüf nəticəsində bir dəfə eşitdim ki, həmin il radio üçün diktor müsabiqəsi keçirilir və mən də özümü sınamaq üçün yollandım radioya. Bizi sınaqdan keçirdilər, bir neçə tələbə qızın içindən ancaq məni seçdilər. Həmin dövrlərdə Azərbaycan radiosunun proqram şöbəsinə mərhum diktor Soltan Nəcəfov rəhbərlik edirdi. O da təcrübəli diktor kimi səsimi çox bəyəndi, elə həmin gün məni işə dəvət etdi. Gənc, pöhrə bir qız uşağı idim də. Beləliklə mən 1955-ci ilin sentyabr ayından universitetdə təhsil ala-ala diktor fəaliyyətimə başladım.
–Diktor olmağınıza qərar verdiniz, sizi işə qəbul etdilər. Bəs bu xəbər sizin ailənizdə necə qarşılandı, Valideynləriniz bu qərara etiraz etdilərmi?
– Mənim valideynlərim ümumiyyətlə ailə içində, evdə çox fərqli bir tərbiyə sistemi yaratmışdılar. Valideynlərim hətta mənim nə vaxt, necə universitetə hazırlaşdığımı, indi Bakı Dövlət Universiteti adlandırılan keçmişdə Azərbaycan Dövlət Universitet kimi tanınan ali təhsil ocağına, böyük bir məbədə qəbul olunduğumdan belə xəbər tutmamışdılar. Bayaq dediyim kimi atam müəllim idi, öz qayda-qanunlarına sadiq olan və ailədə nizam-intizam sevən birisi olduğuna görə heç vaxt övladlarını zorla təhsil vermək fikrinə düşməzdi. Ona görə bizim hansı sənəti seçəcəyimizə tamamilə azadlıq vermişdi və sərbəst seçim etmək imkanını bizə atam yaratmışdı. Amma bir gün şad xəbərlə evə gəldim. Ata-anama dedim ki, məni təbrik edə bilərsiniz, artıq tələbəyəm, universitetə qəbul olmuşam, çox sevindilər. O dövr elə idi.. Hə, beləcə təhsil ala-ala 1955-ci ildən həyatım radio efirinə bağlandı, amma universiteti yaxşı qiymətlərlə bitirə bildim. Necə deyərlər, radio mənim ikinci evim oldu.
-Sevda xanım, radio və televiziyada hansı proqramların aparıcısı olmusunuz?
– Öncə deyim ki, məni ancaq kadrarxası mətnlər oxumaq üçün televiziyaya dəvət edirdilər. Amma səsim rəhbərliyi də cəlb etmişdi. Hətta o vaxt Televiziya və Radio Komitəsinin sədri Teymur Əliyev birbaşa öz təşəbbüsü ilə məni televiziyaya diktor gətirmək istəyirdi, amma razılaşmadım. Gələcəyi düşünmürdüm, fikirləşirdim ki, axı mən radioya gəlmişəm, radionu daha çox sevirəm, nəyimə lazımdır ki? Düzünü deyim ki, tamaşaçıların məni televiziyada efirdəngörəcəklərini, tanıyacaqlarını heç vaxt düşünmürdüm. O ki, qaldı radiodakı fəaliyyətimə, bu bambaşqa bir aləm idi. Radioda işlədiyim dövrlər ərzində bir çox verilişlərin aparıcısı olmuşam. Həmçinin müxtəlif vaxtlarda radioda uşaqlara həsr olunan və uşaq şöbəsinin hazırladığı “Ailə və Məktəb” radio jurnalının, Azərbaycan mədəniyyətində, ölkədə baş verən sənət, musiqi yeniliklərindən bəhs edən “Musiqi Təqvimi” verilişinin, “Gənclik” verilişinin, gənclik şöbəsinin hazırladığı, gənclikdən bəhs edən rəngarəng proqramların əsas aparıcısı olmuşam. Aparıcısı olduğum bir çox verilişlərin indi adlarını unutmuşam. O qədər olub ki…
-Həyat yoldaşınız sizi işinizə qısqanırdımı?
– Xeyr! Heç vaxt! Mən həmişə və bundan əvvəlki müsahibələrimdə də demişəm ki, mənim ilk müəllimim atam, ilk dinləyicim həyat yoldaşım olub.
Sevda xanım, film dublyajlarında iştirak etmisiniz?
– Əlbəttə. Məni də dəvət ediblər. “Lider” telekanalında nümayiş etdirilən filmlərin bir çoxunun səsləndirilməsində iştirakım olub.
-Yarım əsrdən çox efir təcrübəniz var, sizin fəaliyyətinizi qiymətləndiriblərmi? Dövlət tərəfindən hansı fəxri ada, təltiflərə layiq görülmüsünüz?
– Hamısı olub və bütün bunlara görə mən ancaq radioya minnətdaram. Çünki məni dinləyiciyə tanıdan, sevdirən məhz radio efiri olub. Prezident İlham Əliyev burada, jurnalistlər binasında mənə ev verib, ona minnətdaram və üstəlik də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülən diktorlardan biri mənəm. Uzun illərdir ki, prezident təqaüdçüsüyəm. Hə, deyəsən axı təəccübləndin, niyə əməkdar artist? Yeri gəlmişkən, diktor peşəsi incəsənətin bir sahəsi kimi qəbul edildiyindən biz də artist sayılırıq.
-Sevda xanım, son illər daha çox kimləri xatırlayırsınız, kimlər yadınıza düşür?
– Qəribədir, iki ildən çoxdur ki, təqaüdə çıxmışam, amma hələ də yuxularıma öz iş yerim girir, mikrafonu və iş yoldaşlarımı görürəm. Üstəlik də tez-tez yuxularımda rəhmətlik Aydın Qaradağlını görürəm, və anlaya bilmirəm ki, o niyə mənim yuxuma girir (gülür). Yuxuda görürəm ki, Aydınla mikrafon qarşısında veriliş oxuyuruq. Bir neçə dəfə diktor Yusif Muxtarovu da belə yuxuda görmüşəm. Yusiflə mən düz 20 il “Gənclik” redaksiyası tərəfi ndən hazırlanan verilişlərin aparıcısı olmuşuq. Yaxşı sənətkarlar vardı… Bizim baş diktor vardı – Ramiz Mustafayev. Hərdən onu da yuxuda görürəm. Necə deyim e, sanki bir xəstəlik idi yoluxdum və ömrüm boyu da yoluxduğum radiodan, öz sənətimdən əl çəkə bilmədim. Belə sevə-sevə işlədim və həmişə də sənətimlə fəxr etmişəm, çünki səsim mənə xoşbəxtlik gətirib.
-Ailədə yolunuzu davam etdirən varmı?
– Yox. Cəhd etdim ki, bəlkə qızımda nəsə alındı, amma baş tutmadı. Sonradan mən də gördüm ki, onun bu sahəyə üz tutmaq fikri yoxdur.
-Sevda xanım, telekanalların və radioların səviyyəsi sizi qane edirmi? Aparıcıların və onların təqdim etdiyi müxtəlif verilişləri bəyənirsinizmi?
– Qətiyyən! Bayaq mən qeyd etdim ki, biz evdə Cavid tərbiyəsi almışıq. Uzun illərin radioya, efirə həsr etmiş təcrübəli diktor kimi mənə nəyisə bəyəndirmək, yaxud da qəbul etdirmək mümkün deyil. Fikrimcə, mənəvi ölçülərə sığmayan, eləcə də bizim milli mentalitetimizə yad olan, üstəlik də heç bir tərbiyəvi əhəmiyyət daşımayan verilişlərin sayı durmadan artır. Radiodan danışmayacağam, çünki indiki radioları dinləmirəm, amma telekanalların təqdim etdiyi verilişlərdən danışmağa dəyər. İndi yerindən duran, heç bir savadı, diplomu, əxlaqı, mədəniyyəti olmayan və dilimizin qanunlarından xəbərsiz olub, Azərbaycan dilinə hörmət etməyənlər ola da bilsin ki, min-bir oyunla, yaxud da hansısa yollarla soxulurlar efirlərə. Dəhşətli mənzərədir, nə material oxuya bilirlər, nə durğuların yerini bilirlər, nə də aparıcı olaraq ekran mədəniyyəti var, nə də ki… Belə baxanda da haqlı olaraq bir sual yaranır: bəs onda bunlar nə edirlər, şou çıxarırlar, özlərini göstərirlər? Hamısının da danışıq tərzi və səhnə mədəniyyəti sıfır. Hərdən elə əsəbi oluram, az, qalıram ki, televizorun içinə girib studiyaya girim. Hər gün eyni üzlər, eyni dəbdə efirə çıxan gözəlçələr. Ancaq özlərini reklam edirlər. Təsəvvür edin ki, özünü aparıcı adlandıran xanımların çoxu efirə, verilişə elə paltarda çıxırlar, onların əynindəkiləri ancaq dəniz mövsümünün çimərlik geyimi ilə müqayisə etmək olar. Mən hələ də başa düşə bilmirəm ki, bizim telekanalların rəhbərləri, redaktorlar bu biabırçılığa, özbaşınalığa necə dözürlər? Axı biz həmişə ağızdolusu əxlaqdan, ailə dəyərlərindən, mentalitetdən, İslam dini və müsəlmançılıqdan danışırıq, bəs onda nə olub bizə? Niyə unuduruq?.
Söhbətimiz bitmişdi, amma susurdum və gözləyirdim ki, Sevda xanım sakitləşsin, sonra sağollaşaq. Tez sakitləşdi, yenə də çöhrəsinə gülüş hopdu, köksünü ötürüb bu mövzunu aktuallaşdırmağın çox vacib olduğunu xüsusi vurğuladı. Ürkək baxışı ürəyindən keçənləri dilinə gətirdi:
– Necə idi? Müsahibə alınacaq?
Güldüm, Sevda xanım tövrümə baxandan sonra xeyli arxayınlaşdı: – Əlbəttə. Neçə-neçə belə Sevdalı ayların axarında görüşənədək…
Söhbətləşdi: Oqtay Qorçu