Şeyxülislamın 2019-cu ildəki tolerantlıq və həmrəylik mesajları –Dini cameəmiz ili necə başa vurdu?  

Ötən ilə yekun vurarkən geridə qalmış fəaliyyət dövrü həm də bir hesabat vermək üçün fürsət yaradır. Azərbaycan 2020-ci ilə bir sıra uğurları ilə keçir. Bu il ölkədə vüsət almış dəyişikliklər dövlətin bütün sahələrini əhatə edərək yeni dövrə bir pəncərə açdı. Azərbaycan dövləti bu addımla  dünyaya islahatlar paketini  təqdim edərək il ərzində beynəlxalq diqqəti də özündə saxlaya bildi.

Bu günlərdə Prezident İlham Əliyev milli telekanallara verdiyi geniş müsahibəsində il ərzində əldə olunan uğurları sadaladı, ölkənin sabitiliyi və təhlükəsizliyi üçün vacib sayılan sahələr üzrə aparılan işləri vurğuladı.  Prezident bu baxımdan dövlətin milli –mənəvi dəyərlərin möhkəmləndirən, mədəniyyətlərarası dialoq istiqamətində görülən işlər üzərində xüsusi dayandı.

Bu sırada “Bakı Prosesi” adlandırılan layihəni qeyd edən dövlət başçısı vurğuladı ki, bu gün BMT tərəfindən çox önəmli,  vacib platforma kimi tanınan bu  proses çərçivəsində əməkdaşlıq daha yeni pilləyə qalxıb.  İlham Əliyev bu sırada Bakıda keçirilmiş Dünya Dini Liderlərinin İkinci Zirvə Görüşünü xatırladaraq  bunu aparılan işin faydalı nəticəsi kimi qiymətləndirdi.  Dövlət başçısı qeyd etdi ki, bu yöndə aparılan ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansı Qlobal Forumu və “Bakı Prosesi” dini və milli zəmində olan ixtilafların azaldılmasına xidmət göstərir. Bu gün Azərbaycanın rolu artıq birmənalı şəkildə tanınır və təqdir edilir.

İ.Əliyev müsahibəsində vurğuladı ki, dünya miqyasında Azərbaycan qədər bu məsələyə diqqət yetirən və nəticə əldə edən ikinci ölkə tapmaq çətindir. Bunu Azərbaycanda milli-mənəvi dəyərlər, dinlərarası dialoq sahələrində əldə edilmiş uğurları tanınmış və aparıcı siyasi və dini liderlər qeyd edirlər.

“Biz müsəlman dəyərlərinin Avropada təbliğ edilməsində çox böyük rol oynayırıq. Zirvə Görüşündə iştirak etmiş Rusiyanın patriarxı Kirill, Bakıda səfərdə olmuş Roma Papası Fransisk də bu sahədə Azərbaycanda görülən işlərə yüksək qiymət verib. Bunu deyən dini liderlərdir. Bunu deyən adamların arxasında milyardlarla insan var. Bütün bu liderlər bizim bu sahədəki fəaliyyətimizi qiymətləndirirlər. İkinci belə bir ölkə tapmaq mümkün deyil ki, bütün bu ənənəvi dinlərin rəhbərləri Azərbaycanda görülən işlərə eyni fikirlə yüksək qiymət versinlər. Əlbəttə ki, böyük nailiyyətimizdir. Hesab edirəm ki, bizim yaratdığımız platforma bu gün yüksək səviyyədə qiymətləndirilir və buna ehtiyac var” –deyə İlham Əliyev bildirib.

 

İslam dünyasına xüsusi töhfəsi olan beş görkəmli müsəlmandan biri

Prezidentin  bu qiymətləndiriməsi  arasında Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Allahşükür Paşazadənin də fəaliyyətini qeyd etmək olar.  2019-cu ildə QMİ sədrinin fəaliyyətini məhsuldar olub.

Hər ilin əvvəlində 20 Yanvar  faicəsinin ehtiramla yad olunması, müqəddəs günlərdə fətvaların verilməsi və ənənəvi qanvermə kampaniyası  cəmiyyət üçün uzun müddətdir ənənəvi bir məsələyə çevrilib. Bu il ərzində QMİ sədrinin müxtəlif ölkələrə səfərləri, görüşləri və iştirak etdiyi tədbirlər Prezident İlham Əliyevin elan etdiyi prioritetlərin təbliğinə həsr olunmaqla Azərbaycanın tolerantlıq nümunəsinin dünyaya nümayişi olub.

Yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində səfərdə olan QMİ sədri Azərbaycan Prezidentinin yardımı sayəsində yenidən bərpa olunaraq dindarların ixtiyarına verilən məscid binasının açılışında iştirak edib. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisə ilə bağlı Vladiqafqazda konfrans keçirilib.

Yanvarın 30-31-də Şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçirilən iki günlük təntənəli mərasimdə iştirak edib.  Dəvət Patriarx Kirilin şəxsi dəvəti əsasında baş tutub. Tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə və Rusiya prezidenti Putinlə görüşüb.  Həmin gün Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılarla görüşən QMİ sədri Moskvada soydaşlarımız üçün məscid tikilməsi üçün yer ayırlması üçün Kirillə və Moskva meri Sobyaninə müraciət etdiyini açıqlayıb.

Fevral ayında isə  Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri  Azərbaycana səfəri ilə bağlı “Ər-Riyad” qəzetində dərc etdirdiyi məqaləsində  Azərbaycanda dini icmaların vəziyyəti və QMİ sədri ilə görüşü haqqında yazıb.  “Şeyxülislam təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini lideridir. O, Gürcüstanda, Rusiyanın Şimali Qafqaz respublikalarında yaşayan sünni və şiə məzhəblərindən olan müsəlmanların hər birinin məzhəbinə görə fətva verir. Nümayəndə heyətimiz Bakının məscidlərində namzalarını qıldığı  zaman maraqlı mənzərə ilə üzləşdi: sünnü və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar”-deyə o xoş bir qibtə ilə yazımışdı.

Fevralın 5-də Rusiyanın Patriarxı Kirill Bakıya səfərə gəlib. Səfər zamanı Prezident İlham Əliyevlə görüşən Kirill bəyan edib ki, Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər.

Fevralın 6-da Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalında iştirak edən Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Həmin mötəbər toplantıda islam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən beş görkəmli müsəlmandan biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə olub.

 

Şeyx çeçen-azərbaycanlı ədavətini istəyənlərin arzusunu  ürəyində qoydu  

Fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında baş vermiş kütləvi dava böyük rezonans doğurdu. Allahşükür Paşazadə bununla bağlı Çeçenistanın rəsmi dairələri ilə əlaqə saxlayıb. Hadisə barədə ilk xəbəri aldıqdan sonra Qafqaz Xalqları Ali  Dini Şurasının sədri olan Şeyxülislam dərhal Rusiyadakı çeçen icmasının nüfuzlu dini və ictimai liderləri ilə danışaraq, baş verən prosesi dayandırmaq üçün birgə işin zəruriliyini bildirib.

Həmin hadisə zamanı bir sıra maraqlı qüvvələr Rusiyada adi kriminal hadisəni məzhəb davasına keçirməyə cəhd ediblər. A.Paşazadə Çeçenistanın  rəsmi dairələri və nüfuzlu din xadimləri ilə də təmas yaradaraq, onları bu təhlükəli amilin qarşısını almaq üçün birgə səy göstərməyə çağırıb. QMİ sədrinin və dövlət qurumlarının birgə iştirakı ilə aparılan təxirəsalınmaz işlər öz nəticələrini verib. Müəyyən qüvvələrin məişət kriminalını məzhəb davasına keçirmək cəhdləri baş tutmayıb. Çeçen və azərbaycanlı icması bir stol arxasında oturaraq dostluq və qardaşlıq mesajlarını veriblər. Moskvada toplaşan hər iki tərəfin nümayəndələri azərbaycanlılarla çeçenlər arasında heç bir ədavətin olmadığını bəyan ediblər.

27 fevralda Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub. Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının toplantısını keçirib.  Çerkesskə səfər çərçivəsində QMİ sədri Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib.  R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.

 

Dindarların əfvi ilə bağlı müraciət

Prezidentin martın 16-da imzaladığı əfv sərəncamı bu ilin mühüm ictimai-siyasi addımı oldu. Əfv düşənlərin arasında bir sıra ilahiyyatçı və dindarların da adları var idi. Dindarların əfvi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident yanında Əfv Komissiyasına müraciət edib. Komissiya əfv sərəncamı üçün məhkumların siyahısını hazırlayarkən şeyxin müraciətini nəzərə alıb. Ölkə başçısı da bu müraciəti dəyərləndirmişdi.

Aprel ayında Prezident İlham Əliyev QMİ sədrinin 70 illik yubileyi və Şeyxülislamlıq fəaliyyətinin 40 illiyinin qeyd olunması üçün sərəncam imzaladı.  İyun ayında QMİ sədrinin yubileyi Lənkəranda qeyd olundu.

19 iyunda  Avstriyanın paytaxtı Vyanada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası Və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransı keçirilib.  Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyırdı.

Avqustun 26-da  İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

 

Səudiyyə Kralı ilə Şeyxülislam nədən danışıb?

Avqustun 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədrinin  Səudiyyə Ərəbistanına səfəri mühüm məqamları ilə yadda qaldı.  Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilən səfər zamanı QMİ sədri kral Salmanla görüşdü. Bu səfər və qəbul təkcə bir din xadiminin deyil, onun timsalında Azərbaycan prezidentinin yürütdüyü tolerantlıq siyasətinə olan etimadın nümayişi saymaq olardı. Şeyxülislamla görüşdə təkcə müvafiq dini idarənin rəhbərləri oturmamışdı. Xarici və daxili işlər nazirinin, digər rəsmi post sahiblərinin siyasi təmsilçiliyi Krallığın Azərbaycana, onun bölgədəki roluna və Şeyxə olan münasibətinin göstəricisi idi. Kral Salman bin Əbdüləziz Al Səud A.Paşazadəyə özünün dostu və qardaşı adlandırdığı Prezident İlham Əliyevin islam həmrəyliyinin möhkəmləndirilməsi uğrunda atdığı nümunəvi addımları alqışladığını deyib.

Görüşdə Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək  çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır.

Avqust ayında həmçinin Allahşükür Paşazadənin 1991-ci ildə çap olunmuş “Qafqazda İslam” kitabı 70 illik yubileyi münasibəti ilə yenidən nəfis tərtibatda nəşr edildi.  “Qafqazda islam” əsəri Qafqazda islam dininin tarixinə və bu gününə həsr olunub. Bu elmi araşdırmada islamın Qafqazda yayılma tarixi, onun bu arealda yaşayan xalqlara təsiri araşdırılıb.

Oktyabr ayında  Gürcüstan Patriarxı İlyanın Keşikçidağla bağlı Allahşükür Paşazadəyə ünvanladığı məktub rezonans yaratdı. Gürcü patriarxı Azərbaycan tərəfini  zəvvarların  orada yerləşən monastırlara baş çəkmələrinin qarşısını kəsməkdə ittiham edərək,  status-kvonu bərpa etməyə və dindarların, zəvvarların və turistlərin ziyarət yerinə  girişini qaytarmağa çağırmışdı.

QMİ sədri bu bəyanata publik cavab vermədi, İlyanın məktubundan 3 gün sonra Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul etdi. QMİ sədri görüş zamanı Azərbaycan ərazisində yerləşən Keşikçidağ kompleksinə dair məsələnin dövlətlərarası xarakter daşıdığını vurğuladı və müvafiq hökumətlərarası komissiyalar tərəfindən mehriban qonşuluq prinsipləri əsasında həllini tapacağına ümidvar olduğunu dedi.

QMİ sədri gürcü səfirini dəvət etməsi müdrik gediş idi.
Şeyxulislam iki ölkə arasında olan möhkəm münasibətlərin fonunda hər hansı digər məsələnin həlledilməz olmadığına və dövlətlərarası siyasi münasibətlərin burada vacib nöqtə olmasına işarə etdi.
QMİ sədri bu dəvətlə  məsələnin dini yox,  iki dövlət arasında sərhəd məsələsi olması  mesajını verdi.  A.Paşazadə  cavab bəyanatı vermədi, əvəzində səfir vasitəsilə nümayiş etdirdi ki, sərhədlə bağlı müzakirələrə dini rəng vermək cəhdi heç də doğru deyil.

 

Oktyabr ayında Allahşükür Paşazadə Azərbaycanda Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə Şeyxülislam qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət edir.

30-31 oktyabr tarixlərində QMİ sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən  “Sözün Gücü: nifrət nitqinə qarşı mübarizədə dinin, medianın və siyasətin rolu” adlı beynəlxalq konfransda iştirak edib. Burada KAICIID-in beynəlxalq səyləri və Ərəb Dünyasında Dialoq və Əməkdaşlıq üçün Dinlərarası Platforma və Əməkdaşlıqın birgə dinc yaşama, bərabər vətəndaşlıq və nifrət nitqinə qarşı yönəlik səylərinin müzakirə olunub.

 

Dini Liderlərin Bakı Sammiti dünyaya hansı mesajı verdi?

 

Noyabrın 14-15-də Bakıda baş tutan, 70 ölkədən 500 nümayəndənin, nüfuzlu beynəlxalq təşkilatların qatıldığı Dünya Dini Liderlərinin 2-ci Zirvə Görüşü öz əhəmiyyəti və miqyası baxımından rezonans doğuran beynəlxalq tədbir idi. Ölkəmiz  bu sammitlə özünün daha bir müstəvisini dünyanın diqqətinə təqdim etdi.  Dini liderlərin Sammiti beynəlxalq müstəvidə Bakıya olan etimadı nümayiş etdirdi,  ictimai rəyi formalaşdırmaq baxımından  uğurlu əməkdaşlıq perspektivlərini ortaya qoydu, eyni zamanda,  Azərbaycanı dini zorakılıq girdabında çapalayan ölkələrə  tolerant dövlət nümunəsi kimi təqdim edə bildi.

Dövlət  Sammitin təşkilatçısı qismində ağırlığı  Qafqaz Müsəlmanları İdarəsinə verməklə yürüdülən siyasətin inzibati rıçaqlarla deyil, mənəvi dəyərlərin gücünə söykəndiyini göstərdi.  Bununla da iqtidar Şeyxulislam Allahşükür Paşazadəni dünyanın etimad göstərdiyi nüfuzlu din xadimi kimi təqdim etdi.

QMİ sədrinin həmçinin BMT tribunasından dünyanın dini rəhbərlərinin səsinin eşidilməsinin vacibliyi barədə təklifi çağdaş zaman üçün aktual mesaj sayılmalıdır.

Müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bu zirvə görüşündə özünün tolerantlıq modeli ilə toplantıya toplaşmış dini və ictimai liderlərdə yaxşı təəssürat yarada bildi.  Sammitin tribunasından dövlətimizin önəm verdiyi bu prioritetlər dünya dini liderlərinin qarşısında bir daha bəyan olundu.  Prezident İlham Əliyevin sammitdə çıxışında qeyd etdi ki, toplantı bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır

Sammit Azərbaycanın dünyada və regionda bir dini mərkəzə çevrildiyinin əyani nümayişi oldu.  MDB-nin, Şimali Qafqazın siyasi və dini rəhbərliyinin çoxsaylı nümayəndə heyəti əməkdaşlıq  göstəricisi olmaqla yanaşı, ölkəmizin regionda dini təhlükəsizliyinin təmin olunması üçün apardığı işə etimadın nümayişi saymaq olardı.

Zirvə görüşünün mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqelərinin bəyan etməsi oldu.  Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.

Bununla bağlı imzalanmış Bəyannamədə əksini tapmış “işğal” sözü çox mühüm məqamdır.  Dünyanın nüfuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səsləyib.

Digər maraqlı məqam dini liderlərin yeni media pltaforması ilə bağlı çağırışı idi.  Birgə Bəyannamdə media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çagırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə  maarifləndirilməsini təşviq etməyə çağırış sosial mediada dini dözümsüzlüyü körükləyən qüvvələrə qarşı virutal mübarizəni ehtiva edir.

Dekabrın 4-də Naxçıvanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illik yubileyi qeyd olunub. QMİ sədrinin adına Ordubadda “Allahşükür” məscidinin açılışı olub.

Dekabrın 5-də isə Bakıda “Nəsimi 650: haqqın carçısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Qafqaz Müsəlmanları İdarəsinin  təşkilatçılığı ilə reallaşıb. QMİ sədri ilk dəfə olaraq Nəsimi irsindəki islam mirasına diqqəti cəlb edərək,  böyük şairin illərlə arxa plana atılmış əqidə və inancının üstündən pərdəni çəkib, onun personası ətrafında onilliklər boyu körüklənən süni “islam və şair arasında barışmaz ziddiyyət” probleminə son qoyub. Bunu  müsəlman dünyasında nadir nümunə saymaq olar.  Toplantıda çıxışı zaman Allahşükür Paşazadənin  Nəsimiyə milli kimlik verilməsi təklifinin arxasında  Azərbaycanın islam dünyasında özünün böyük mütəfəkkirləri ilə digər dövlətlərdən heç də geri qalmadığını  nümayiş etdirməsi dururdu.

Göründüyü kimi, QMİ üçün il kifayət qədər məhsuldar olub. Bütün bu tədbirlərin əsas məqsədi Azərbaycanın barış, mədəniyyətlərarası əməkdaşlıq və tolerantlıq prinsiplərinin nümayişi Prezident İlham Əliyevin bu yöndə yürütdüyü siyasi xəttinə dəstək olub.

Xaliq Məmmədov 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kriştianu Ronaldo dünyanın ən yaxşısı seçilib

Sonrakı məqalə

Kreml qazı “rus ruletkası”na çevirir –