İlon Mask ABŞ-nin BMT və NATO-dan çıxmasını dəstəkləyib

ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət edən İlon Mask ölkənin BMT və NATO-dan çıxması ideyası ilə razılaşıb.

O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Mən razıyam”, – deyə İlon Mask bir istifadəçinin ABŞ-nin bu təşkilatlardan çıxmasının vaxtının çatdığına dair yazısına şərh verib.

Xatırladaq ki, bundan əvvəl respublikaçı senator Mayk Li ABŞ-nin BMT-dən çıxması və onun maliyyələşdirilməsinin dayandırılması təşəbbüsünün Senatda irəli sürüldüyünü açıqlamışdı. Söhbət ABŞ-nin BMT-dən və əlaqədar təşkilatlardan tamamilə çıxmasından gedir ki, buraya həm də onların Vaşinqton tərəfindən maliyyələşdirilməsinin dayandırılması daxildir.

Qeyd edək ki, ABŞ-nin BMT-yə 2,8 milyard dollar borcu var. Dünya təşkilatının qaydalarına əsasən, əgər hər hansı bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə ödəməli olduğu töhfənin məbləğindən artıq olarsa, həmin ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üzrə müntəzəm büdcəsi 3,72 milyard dollardır.

Həmçinin ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırıb.

Bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının mənzil-qərargahında jurnalistlərə açıqlama verib.

Baş katib bildirib ki, Suriyada 2,5 milyon, Əfqanıstanda 9 milyon, Ukraynada isə 1 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bir dövrdə ABŞ-nin maliyyələşdirməni dayandırması bir sıra vacib proqramlara ciddi təsir göstərir:

“Son 48 saat ərzində BMT agentlikləri, eləcə də bir çox humanitar və inkişaf üzrə QHT-lər tərəfindən ABŞ-nin maliyyələşdirməni kəskin şəkildə azaltması ilə bağlı daxil olan məlumatlardan dərin narahatlığımı ifadə etmək istəyirəm”, – Quterreş vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.