Bu gün dünyada Azərbaycanda din-dövlət münasibətləri, milli- mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunması etiraf olunur və dəstəklənir. Bunu dövlət və dini cameənin birgə apardığı işin məntiqi nəticəsi hesab etmək olar.
Azərbaycan bu yöndə yürütdüyü ardıcıl siyasəti ilə ABŞ-dan tutmuş Afrikaya, Yaxın Şərqdən Asiyaya, MDB-yə qədər ola bir müstəvidə birgəyaşayış, səmavi dinlərin vahid mövqeyi ilə dünyanı təəccübləndirə bilib.
Azərbaycan cəmiyyətinin yüzillər boyu formalaşmış birgəyaşayış prinsipləri bu siyasətə güc verir, təhlükəsiz yaşamaq modeli kimi təqdimatında həlledici rolunu oynayır.
Bu siyasətin beynəlxalq platformalarda təbliği Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlıq trendləri əhəmiyyətli rol oynayır.
Bu sırada Azərbaycanın təşəbbüsü ilə yaradılan Türk Dövlətləri Təşkilatının dini liderlərinin Şurasını qeyd etmək olar. Bu, türk dövlətləri arasında mənəvi bağ yaradılması, eyni kökdən olan xalqların vahid mövqeyinin formalaşması üçün mühüm platformadır. Dini, dili, tarixi bir olan türkdilli ölkələr birliyini əhatə edəcək bu qurum mənəvi birliyin qurulmasında mühüm əhəmiyyət daşıyır. QMİ həmişə Orta Asiyanın türk ölkələri ilə sıx təmaslar saxlayıb. Hələ sovet dövründən bu yana bu ölkələrin Azərbaycanla əlaqələrində mənəvi –dini və milli bağ seçilib.
Azərbaycanın müsəlman dünyası ilə əlaqələri tam etimada söykənir. İslam Əməkdaşlıq Təşkilatına daxil dövlətlərin hər zaman dəstəyini hiss edən Bakı Yaxın Şərqdə sivilizasiyalar arasında körpü rolunu oynayır.
Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla davam edir. 1991-ci ildə QMİ sədrinin təşəbbüsü və təkidi bu quruma üzv olan ölkəmizin üzünə islam ölkələrinin qapıları açıldı. Geopolitik güclərə çıxış imkanı olan varlı erməni diasporasının təzyiqləri nəticəsində ciddi informasiya basqısı altına düşmüş Azərbaycan üçün İƏT mühüm platforma oldu. Təcavüzkarın, Qarabağın işğalının dünyada tanıdılmasında bu gün də İƏT ciddi müstəvi idi.
Şeyxülislamın xristian dünyası ilə sıx əlaqələri, etimada söykənən münasibətləri Azərbaycanın bu ölkələrin ictimai rəyində yer tutumasında öz rolunu oynayır. Katoliklərin, pravoslavların, yəhudilərin nufuzulu din xadimləri A.Paşazadənin sülhə verdiyi töhfələri daim vurğulayır və təqdir edirlər.
Vatikanla münasibətlərin tarixi 35 il əvvələ çıxır. 20 yanvar qanlı Bakı qırğınından sonra SSRİ-nin informasiya blokadasına düşən Azərbaycanın başına gələnlərinin dünyaya çatdırılmasında Roma Papasının QMİ sədri ilə olan tarixi əlaqəsini qeyd etmək lazımdır. Bakıda səfərdə olan Roma Papaları verdikləri bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib, münaqişənin dinc yolla həlli üçün çağırış ediblər.
Rusiya Pravoslav Kilsəsinin rəhbərlərinin QMİ sədri ilə dostluq münasibətləri böyük bir coğrafiyada Azərbaycanın səsinin eşidilməsinə imkan yaradıb.
Şeyxülislamın Şimali Qafqaz kimi son dərəcə mürəkkəb regionda söz sahibinə çevrilməsi Azərbaycanda dini dəyərlərlə olan dəstəyin bir ifadəsidir. QMİ sədri harada yaşamasından asılı olmayaraq hər zaman müsəlmanların haqlarının pozulmasına qarşı sərt mövqeyini bildirib. Məhz belə mövqe bu gün Şeyxülislamı Şimali Qafqazda söz sahibinə çevirib.
Ən müxtəlif dini konfessiya nümayəndələrinin cəmləşdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Azərbaycanın haqlı mövqeyini ifadə etmək üçün daha bir mötəbər müstəvidir.
Azərbaycan 10 ildən çoxdur ki, “Bakı prosesi” adlandırılan mədəniyyətlərarası əməkdaşlıq Forumunu təqdim edir. Bu platformada əsas məhək daşı məhz ölkəmizin dini harmoniyası və əməkdaşlığının unikal təcrübəsidir. Azərbaycan bu xoş nümunəsini dünyaya təqdim etməklə regionun ən çox saylı və çoxkonfessiyalı ölkəsi olaraq belə mürəkkəb münasibətlərin həllində əldə etdiyi uğuru göstərir.
Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər.
Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb.
Aparılan bu siyasət QMİ tərəfindən dəstəklənir və Şeyxülislam prosesin avanqardı kimi çıxış edir.
QMİ sədrinin istər müsəlman aləmində, istərsə də xristian ruhaniləri arasında Azərbaycanın mövqeyini ardıcıl müdafiə edə bilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlanır.
Vətən Müharibəsindən sonra QMİ sədrinin Qarabağda son vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikatordur. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi oldu.
Mötəbər konfranslarda, beynəlxalq sammitlərdə dövlətimizin önəm verdiyi prioritetlərin dünya dini liderləri tərəfindən dəstəklənməsi ölkəmizin öz prioritetlərinin düzgünlüyünə olan əminliyini daha da artırır.
Göründüyü kimi QMİ sədri mürəkkəb münasibətlər sistemində dünya dini rəhbərləri və qurumları ilə işlək sistem yarada bilib. Belə sistem Azərbaycanın yürütdüyü siyasətində mühüm paradiqma kimi çıxış edir.
Aydın ABBASOV