316 nömrəli orta məktəbdə nə baş verib?

Məktəb
Məktəb
Bakının Suraxanı rayonu 316 nömrəli orta məktəbdə müəllim Mehman Qurbanlının şagirdlərə fiziki şiddət göstərdiyi iddia olunur. Bununla bağlı “Azərbaycan tələbələri” səhifəsində səs yazısı yayılıb.
Valideynlərdən biri həmin müəllimin şagirdlərə qarşı qeyri-etik və zorakı davranışlar sərgilədiyini iddia edib. Onun sözlərinə görə, müəllim dərs zamanı şagirdləri “dubinka” ilə döyür, psixoloji təzyiqlər göstərir və ailə üzvləri ilə bağlı təhqiramiz ifadələr işlədir.
Məsələ ilə bağlı sözügedən təhsil müəssisəsindən açıqlama verib. Məktəbdən Qafqazinfo.az-a bildirilib ki, riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb: “Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb”.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, ciddi və narahatedici məsələdir, araşdırılaraq qiymət verilməlidir. Onun fikrincə, Azərbaycanda da bu istiqamətdə təcili və institusional tədbirlər görülməlidir:

“İlk növbədə valideynin təqdim etdiyi səs yazısı hüquqi ekspertiza ilə yoxlanılmalı və sübut kimi dəyərləndirilməlidir;
– Məktəb daxilində müstəqil araşdırma aparılmalı, şahidlərin ifadəsi alınmalıdır;
– Fakt təsdiqlənərsə, müəllim əmək qanunvericiliyinə əsasən, vəzifədən azad edilməli, cinayət tərkibi varsa, hüquq-mühafizə orqanlarına yönləndirilməlidir;
– Eyni zamanda məktəbdə psixoloji xidmət gücləndirilməli, şagirdlərin hüquqlarını qoruyan mexanizmlər – şikayət qutuları, etimad xətləri – yaradılmalıdır”.
“Təhsil qorxu, zor, təzyiq deyil, anlayış üzərində qurulmalıdır. Müəllim statusunu qorumaq istəyiriksə, ilk növbədə onun davranış məsuliyyətini də qorumaq məcburiyyətindəyik”, deyə ekspert əlavə edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.