Çin lideri Prezident İlham Əliyevi ŞƏT-in Zirvə toplantısına dəvət edib

Çin sədri Sin Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə Toplantısına dəvət edib.

AzPost bildirir ki, bu barədə dəvət aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı edilib.

Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə toplantısı bu ilin payızında Çinin Tiencin şəhərində keçiriləcək.

Liderlər Tiencin toplantısında uğurlu təcrübəni müzakirə edəcək, gələcək inkişaf kursunu müəyyənləşdirəcək və əməkdaşlıq haqqında konsensusa gələcəklər.

Qeyd edək ki, ötən ilin iyulunda Astanada keçirilmiş Zirvə toplantısından sonra təşkilata sədrlik rotasiya qaydasında bir il müddətinə Çinə keçib.

Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçisi (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib.

Təşkilatın 2022-ci ildə Səmərqənd, 2024-cü ildə Astana sammitlərində Prezident İlham Əliyevin iştirakı isə Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmasında maraqlı olduğunu göstərir. Astana Sammiti zamanı Azərbaycanın və Çinin dövlət başçılarının görüşü zamanı Sədr Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyini vurğulayıb, gələn il ölkəsinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.