Rəna Abbaszadə adlı vətəndaş Dəmir Kargo şirkətindən şikayətçidir. AzPost xəbər verir ki, vətəndaş bu barədə sosial media hesabında yazıb. Bildirib ki, bu qeyd olunan şirkətlə bağlı ilk narazılığı deyil. “Artıq neçə dəfədir ki, sifariş etdiyim məhsulların real çəkisi ilə sistemdə göstərilən çəki uyğun gəlmir. Arada 700-800 qram fərq olur. Məsələn, 200 qramlıq bir məhsul sistemdə 1 kq olaraq göstərilir. Birinci dəfə bu problemlə qarşılaşanda Elmlər filialına yaxınlaşdım. Orada tərəzi belə yox idi və biz məhsulu yaxınlıqdakı mağazada çəkdirmək məcburiyyətində qaldıq. Hətta buna baxmayaraq, məni 28 May filialına yönləndirdilər və səbəb kimi “orada tərəzi var” deyildi. Anlamıram, əgər problem şirkətdədirsə, niyə mən başqa bir ünvana getməliyəm? Nəticədə, getmədim. Bir həftə sonra məsələ nəhayət ki, həll olundu. Lakin geri qaytarılan ödəniş kart hesabıma yox, Dəmir Kargo balansıma geri qayıtdı”.
Şİkayətçi bildirir ki, yolda olan sifarişləri olduğuna görə, onları da götürdükdən sonra bir dəfəlik Dəmir Kargo ilə sifarişi dayandırmaq qərarına gəlibmiş. “Amma təəssüf ki, yenidən eyni problemlə üzləşdim.1500 qramlıq məhsul 1700 qram, 140 qramlıq məhsul isə 600 qram olaraq göstərilmişdi. Körpə uşaqlı biri olaraq bu kimi problemlərlə məşğul olmaq mənim üçün həm vaxt, həm də əsəb itkisinə səbəb olur. Buna baxmayaraq, yenidən məni filiallara yönləndirdilər. Sonunda bildirdilər ki, bir neçə gün ərzində məsələ həll olunacaq. Yoldaşım, işdən çıxaraq saat 18:41-də filialdan sifarişi götürməyə getdi. Lakin Dəmir Kargo şirkəti Instagram səhifəsində heç bir məlumat paylaşmadan və müştərilərə əvvəlcədən xəbərdarlıq etmədən filialı bağlı saxlamışdı. Halbuki iş saatları 20:00-a qədər qeyd olunub”.
Vətəndaş deyir ki, müraciət edib rəsmi şəkildə şikayətini də bildirirb və artıq bu şirkətdən istifadə etməyəcək.
“Bu paylaşımı etməyimin əsas məqsədin sizin də bu cür hallarla qarşılaşmamağınızdır. Çoxumuz çatdırılma ödənişini avtomatik şəkildə və əlavə yoxlamadan edirik. Amma Dəmir Kargo ilə sifariş etməyə davam etsəniz, bu tip problemlərin qaçınılmaz olduğunu nəzərə alın” – deyə şikayətçi qeyd edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.