Banklar bəzən yüksək maaşı olan şəxs kredit müraciəti etdikdə ona yüksək məbləğli kredit vermirlər. Müraciət edən şəxsin gözlədiyindən çox az məbləğdə kredit təklif edirlər. Yüksək məbləğdə kredit almaq üçün kredit tarixçəsi necə formalaşdırılmalı və hansı amillər buna mane olur?
Maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, bu halın əsas səbəbləri şəxsin üzərindəki öhdəliklərin çoxluğu və ya kredit tarixçəsindəki gecikmələr ola bilər:
“Normalda kredit tarixçəsi müsbətdirsə və öhdəliklər azdırsa, əməkhaqqı artdıqca verilən kredit məbləği də artır. Yəni, maaş və kredit arasında birbaşa proporsional əlaqə var.
Digər vacib məqam isə, “borcun gəlirə nisbəti” əmsalıdır. Bu əmsal Mərkəzi Bank tərəfindən müəyyən edilir və hər bir kredit müraciətində banklar müştərinin aylıq gəlirlərini və mövcud öhdəliklərini bu əmsala əsasən qiymətləndirirlər. Əgər aylıq öhdəliklər gəlirlə müqayisədə yüksəkdirsə, bu halda bank yüksək məbləğli kredit təklif etmir”.
Ekspert vurğulayıb ki, kredit tarixçəsində gecikmə olmaması da çox önəmlidir:
“Kredit alan şəxslər “Azərbaycan Kredit Bürosu”ndan məlumat almaq üçün ərizəyə qol çəkirlər və bank həmin şəxsin keçmiş ödəmə davranışlarını yoxlayır. Əgər şəxs kreditlərini vaxtında ödəyibsə və qrafikdən kənara çıxmayıbsa, bu müsbət kredit tarixçəsi sayılır və gələcəkdə daha əlverişli şərtlərlə kredit almaq imkanı yaradır.
Əgər kredit alınmırsa, səbəb ya zəif kredit tarixçəsi, ya da mövcud kreditlərin aylıq ödənişlərinin çoxluğu ola bilər. Bu da borcun gəlirə nisbətini artırır və bankın riskini yüksəldir. Borcun gəlirə nisbəti əmsalını hesablayanda şəxsin aylıq ödənişi, aylıq kredit ödəmə imkanı zəif görünür. Ona görə banklar tərəfindən bu iri məbləğdə kredit alına bilmir”.