İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Müdir
Müdir

Bəzən şirkətlər işçilərinin başqa şirkətlərlə əməkdaşlığına razı olmur. Bu zaman bəzi əməkdaşlar bunu gizli şəkildə edirlər. Çalışdığı şirkət xəbər tutur ki, əməkdaşı iş saatlarında başqa şirkət üçün də çalışır. Bu zaman işçiyə vaxt vermədən işdən çıxara bilərmi? Çünki qanuna görə, işdən çıxarmaq üçün həm işçi, həm də işəgötürən qarşı tərəfə iki ay əvvəlcədən xəbər verməlidir.

Valyuta.az-a danışan HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, bir şəxs eyni zamanda bir neçə iş yerində işləyə bilər:

“Qanunvericilikdə bu zaman iş yerləri “əsas” və “əlavə” olmaqla iki kateqoriyaya bölünür. Əmək münasibətləri çərçivəsində bir iş yeri əsas iş yeri kimi qəbul olunur və həmin yerdə çalışan şəxs əsas iş vaxtı ərzində başqa fəaliyyətlə məşğul olmamalıdır.

Əsas iş yeri adətən 9-6 iş saatlarını əhatə edir. Bu zaman müddətində şəxsin başqa işdə, yəni əlavə iş yerində çalışması müəssisədaxili intizam qaydalarının pozulması hesab olunur. Bir halda ola bilər ki, əsas iş yeri buna icazə versin.

Qanunvericilik yalnız bir halda əlavə iş yerində fəaliyyətə icazə verir: əsas iş saatlarından sonra, yəni işdən sonra şəxsin həftəlik 20 saatı keçməmək şərti ilə əlavə iş yerində çalışması mümkündür. Bu sahədə çalışan şəxslər əsas işdən sonra istədikləri peşə və istiqamət üzrə sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bu, qanunvericiliklə tam şəkildə tənzimlənmiş və icazə verilmiş fəaliyyətdir”.

İ.Mirzəzadə qeyd edib ki, eyni zamanda, bəzi istisnalar da mövcuddur: “Belə ki, əgər əsas iş yeri ağır və zərərli iş şəraitini əhatə edirsə, həmin şəxs əlavə iş yeri kimi də eyni və ya oxşar işlərdə çalışa bilməz. Bu zaman da həftəlik 20 saatlıq məhdudiyyət qüvvədə qalır və diqqətlə nəzərə alınmalıdır.

Əgər işçi bu qaydalara riayət etmirsə və əsas iş vaxtı ərzində əlavə iş fəaliyyəti ilə məşğul olursa, işəgötürən tərəfindən inzibati tədbirlər görülə bilər. Belə hallarda yazılı xəbərdarlıq və ya töhmət verilməsi mümkündür. Lakin bu kimi hallar işdən azad olunma üçün birbaşa əsas yaratmır. Yalnız pozuntular davamlı və təkrar xarakterli olduqda, əmək funksiyalarının icrasına maneə yarandıqda və bu əsasda işəgötürən əmək funksiyalarının pozulduğunu əsaslandırdıqda, işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilə bilər”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.