Tramp: ABŞ tarixdə görünməmiş sürətlə silah istehsal edir.
ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkənin hərbi potensialı ilə bağlı diqqətçəkən açıqlama verib. AzPost xəbər verir ki, siyasətçi şəxsi Truth Social hesabında yaydığı bəyanatda ABŞ ordusunun silah istehsalının tarixi rekorda çatdığını bildirib.
“Hazırda biz Amerikanın indiyə qədər malik olduğu ən güclü orduya sahibik. Silah istehsalımız isə ölkə tarixində görünməmiş sürətlə davam edir”, — deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, ABŞ müdafiə sənayesində ciddi canlanma yaşanır və bu, qlobal geosiyasi vəziyyətin gərginləşməsi fonunda ölkənin təhlükəsizliyi üçün vacib addımdır. Bununla belə, Tramp əlavə edib ki, istehsal edilən bu silahlardan istifadə zərurəti ilə qarşılaşmamaq ən böyük arzusudur.
Qeyd edək ki, son aylarda Qərb dövlətlərinin liderləri müdafiə sektoruna ciddi sərmayə yatırmağa başlayıb. Böyük Britaniyanın baş naziri Key Starmer də Silahlı Qüvvələrin modernləşdirilməsi və müdafiə qabiliyyətinin artırılması ilə bağlı bənzər açıqlama verib. Onun sözlərinə görə, London Rusiya ilə mümkün qarşıdurmaya hazır olmalıdır.
Ekspertlər bildirirlər ki, ABŞ və müttəfiqlərinin müdafiə planlarını yenidən nəzərdən keçirməsi dünya siyasətində yeni silahlanma mərhələsinin başlandığını göstərir. Trampın bu açıqlaması isə Vaşinqtonun hərbi strategiyasında silah istehsalını prioritetə çevirdiyinin daha bir sübutu kimi dəyərləndirilir.