Norveçin Oslo Universitetinin alimləri yaddaş itkisini qismən bərpa edə biləcək bioloji mexanizmi aşkar ediblər. AzPost “Science Advances” jurnalına istinadla xəbər verir ki, nikotinamid adenin dinukleotid (NAD+) adlı molekul beyini Alzheimer xəstəliyinin yaratdığı degenerasiyadan qoruya və neyron fəaliyyətini gücləndirə bilər.
Tədqiqatçılar bildiriblər ki, NAD+ orqanizmdə enerji istehsalı, DNT-nin bərpası və hüceyrə sağlamlığı üçün həyati vacib molekuldur. Uzunömürlülük üzrə mütəxəssislər bu birləşməni yaşlanmaya qarşı “bioloji silah” adlandırırlar.
Eksperiment zamanı alimlər siçanlarda Alzheimer xəstəliyinə bənzər Tau P301S adlı insan mutasiyasını yaratdılar. Nəticədə heyvanlarda güclü yaddaş pozğunluğu müşahidə olundu.
Daha sonra tədqiqatçılar onlara NAD+ səviyyəsini təbii şəkildə artıran nikotinamid mononukleotid adlı maddə verdilər. Nəticələr göstərdi ki, bu əlavədən sonra siçanların yaddaş qabiliyyəti əvvəlki səviyyəyə qayıdıb.
Tədqiqatın müəlliflərindən biri, dosent Evandro Fey Fanq-Stavem bildirib ki, NAD+ neyron hüceyrələrinin qorunmasında mühüm rol oynayır və idrak qabiliyyətinin azalmasını ləngidə bilər. O əlavə edib ki, NAD+ səviyyəsinin stabil saxlanılması neyron kimliyini qoruyur və RNA-nın spaylinq prosesini gücləndirə bilər.
Alim həmçinin xəbərdarlıq edib ki, belə əlavələri həkim təyinatı olmadan qəbul etmək olmaz, çünki dozadan artıq qəbul sağlamlığa zərər verə bilər.