Yaponiyada milyonçu kişi 24 yaşlı sevgilisini qətlə yetirdiyinə görə 16 il müddətinə azadlıqdan məhrum edilib. AzPost “Daily Shincho” nəşrinə istinadla xəbər verir ki, hadisə ölkədə böyük rezonans doğurub.
Məlumata görə, 57 yaşlı Akiro İşikava 2022-ci ildə 24 yaşlı Sana Xirabayasi adlı qadınla internet vasitəsilə tanış olub. Qadın ona kafenin borclarını bağlamaq üçün pul lazım olduğunu deyib və əvvəlcə 10 milyon yen istəmişdi.
İşikava bu məbləği sevgilisinə verdikdən sonra qadın ondan mütəmadi şəkildə daha çox pul tələb etməyə başlayıb. Hər görüş üçün təxminən 100 min yen istəyən Xirabayasi, zamanla kişini maddi cəhətdən çətin vəziyyətə salıb.
Milyonçunun sərvətinin əhəmiyyətli hissəsini itirdiyi, uğursuz investisiyalardan sonra hesabında cəmi iki min yen (təxminən min rubl) qaldığı bildirilib.
Hadisə baş verən vaxt İşikavanın psixoloji gərginlik keçirdiyi, qəzəb anında gənc qadını öldürdüyü qeyd olunur. Məhkəmə onun cinayətini qəsdən adam öldürmə kimi qiymətləndirib və 16 il azadlıqdan məhrum etmə cəzası çıxarıb.