Cəmi 10 dəqiqəlik məşq xərçəngə qarşı qalxan rolunu oynaya bilər

Xərçəng
Xərçəng

Sadə, amma təsirli bir vərdiş bağırsaq xərçənginə qarşı güclü təsir göstərə bilər. AzPost xəbər verir ki, alimlərin apardığı yeni araşdırma göstərib ki, cəmi 10 dəqiqəlik intensiv fiziki məşq belə bağırsaq xərçəngi hüceyrələrinin inkişafını zəiflədə bilir.

Araşdırmanın nəticələri International Journal of Cancer elmi jurnalında dərc olunub. Newcastle Universitetinin alimləri artıq çəkisi olan 30 nəfərin iştirakı ilə təcrübə aparıblar. İştirakçılar qısa müddətli, lakin intensiv velosiped məşqi ediblər.

Məşqdən sonra iştirakçılardan götürülən qan nümunələrinin analizi zamanı orqanizmdə bir sıra bioloji aktiv maddələrin səviyyəsinin artdığı məlum olub. Xüsusilə DNT-nin bərpasında mühüm rol oynayan interleykin-6 (IL-6) maddəsinin yüksəldiyi qeydə alınıb.
Bu qan nümunələri laboratoriya şəraitində kolorektal xərçəng hüceyrələrinə təsir etdirildikdə, DNT bərpası, maddələr mübadiləsi və şişlərin böyüməsinin tənzimlənməsi ilə bağlı 1300-dən çox genin fəaliyyətində dəyişiklik müşahidə olunub. Alimlər bildirirlər ki, bu dəyişikliklər xərçəng hüceyrələri üçün əlverişsiz bir mühit yaradır.

Klinik mütəxəssis doktor Oranjın sözlərinə görə, belə müsbət təsir təkcə sağlam toxumalar üçün deyil, eyni zamanda şiş hüceyrələrinin böyüməsini çətinləşdirən amil kimi də özünü göstərir. O vurğulayıb ki, bu effekt hətta bir dəfəlik qısa məşqdən sonra belə yarana bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu nəticələr fiziki aktivliyin xərçəng riskinin azaldılmasında nə qədər vacib olduğunu bir daha sübut edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.