Zəmanət müddəti davam edən məişət texnikasında yaranan nasazlıqla bağlı müştəri ilə satıcı arasında yaranan mübahisə ictimai narazılığa səbəb olub.
AzPost xəbər verir ki, Xəlilova Aybəniz Həmid qızı 14 oktyabr 2025-ci il tarixində “Soliton” mağazalar şəbəkəsinin Beyləqan filialından paltaryuyan maşın alıb.
Onun sözlərinə görə, məhsuldan istifadə zamanı yanvar ayının 2-də ciddi qüsur aşkarlanıb. Belə ki, paltaryuyan maşının qapaq hissəsindən su sızmağa başlayıb. Müştəri problemin aradan qaldırılması üçün əvvəlcə yerli mağazaya, daha sonra isə “Soliton”un 180 qaynar xəttinə müraciət edib.
Lakin iddia edilir ki, edilən müraciətlərə uzun müddət baxılmayıb. Yalnız bu gün mağaza tərəfindən müştəriyə zəng edilib. Zəng zamanı nasazlığın istifadəçi tərəfindən yaradıldığı bildirilib və problemin rezin hissə ilə bağlı olduğu qeyd olunub.
Mağaza nümayəndələrinin sözlərinə görə, sözügedən detalın dəyişdirilməsi üçün müştəridən 100 manat ödəniş tələb olunub. Aybəniz Xəlilova isə bu yanaşma ilə razılaşmadığını bildirir. O qeyd edir ki, məhsul 24 aylıq rəsmi zəmanətlə satılıb və zəmanət şərtlərində bu cür halın istisna edildiyi barədə heç bir qeyd yoxdur.
Müştəri hesab edir ki, qüsur istehsal və ya texniki səbəblərlə bağlıdır və zəmanət çərçivəsində ödənişsiz aradan qaldırılmalıdır. O, aidiyyəti qurumlardan və məsul şəxslərdən kömək göstərilməsini xahiş edir.
Məsələ ilə bağlı “Soliton” mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.