Obyekt hazırdır, işçilərin pulu niyə geçikir? –"Pul əvəzinə mənzil"in yaratdığı səssiz böhran

Son dövrlər tikinti sektorunda müşahidə olunan proseslər göstərir ki, problem təkcə satışların zəifləməsində deyil. Əsas təhlükə daha dərin qatdadır – nağd pul dövriyyəsi problemi yaşanır. Bu isə hər bir biznes üçün, xüsusilə də yüksək dövriyyəli və xərcli tikinti sektoru üçün kritik riskdir.

Bu gün Azərbaycanda bir sıra tikinti şirkəti eyni vəziyyətlə üz-üzədir- İş görülüb, obyekt təhvil verilib, amma görülən işin real pul qarşılığı əldə olunmayıb. Problemin kökü sifarişçi-icraçı münasibətlərindədir. Tikinti şirkətləri gördükləri işin pulunu vaxtında, bəzən isə ümumiyyətlə ala bilmirlər.

Sifarişçilər nağd ödəniş əvəzinə alternativ yol – pul əvəzinə, binadan mənzil təklif edirlər. İlk baxışda bu, kompromis kimi görünə bilər.

Amma əslində bu, problemin həlli yox, onun təxirə salınmasıdır. Tikinti şirkəti üçün mənzil aktiv sayıla bilər, lakin likvid vəsait deyil. İşçilərin maaşı, betonun, armaturun, texnikanın pulu mənzillə ödənilmir. Bank kreditləri, vergi öhdəlikləri, gündəlik xərclər nağd pul tələb edir. Mənzili pula çevirmək isə bugünkü bazar şəraitində asan məsələ deyil. Çünki hazırda daşınmaz əmlak bazarında satışlar zəifləyib, alıcılar gözləmə mövqeyindədir.
Qiymətlər ya düşür, ya da uzun müddət dəyişmir. Bir mənzilin satışı bəzən aylarla çəkir. Nəticədə şirkətin balansında “kağız üzərində var-dövlət”, kassasında isə boşluq yaranır.

Bu vəziyyət isə yalnız tikinti şirkətlərini yox, bütöv bir iqtisadi zənciri zədələyir. İşçilər maaşını gec alır, podratçılar və təchizatçılar ödəniş gözləyir. Həmçinin banklara ödənilən kreditlər gecikir, yeni layihələrə başlamaq mümkünsüzləşir. Yəni, bir sifarişçinin ödəyə bilmədiyi pul onlarla subyektə təsir edir.

Ən təhlükəlisi isə budur ki, “mənzil əvəzində ödəniş” praktikası normaya çevrilərsə, sektor xroniki nağd pul çatışmazlığı ilə yaşamağa məhkum ola bilər. Bu, hüquqi baxımdan da risklər az deyil. Mənzilə dair müqavilələr, dəyərin düzgün müəyyən olunmaması, satış zamanı yaranan mübahisələr, əlavə vergi yükü – bunların hamısı şirkət üçün əlavə problem deməkdir.
Bir çox hallarda tikinti şirkəti pulunu almaq əvəzinə, yeni hüquqi başağrısı qazanır.

Bu vəziyyət göstərir ki, tikinti sektorunda ödəniş mexanizmləri yenidən nəzərdən keçirilməli, sifarişçi ilə icraçı arasında maliyyə intizamı gücləndirilməli, nağd pul dövriyyəsini təmin edən modellər təşviq olunmalıdır. Əks halda, gözlə görünməyən bu böhran sabah yarımçıq layihələrə, işsizliyə və sektorun etibar itkisinə çevrilə bilər.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.