Vladimir Putin Donald Trampın Ukraynadakı müharibəni mümkün qədər tez başa çatdırmaq istəyindən istifadə edərək Ukraynanı və Avropanı daha da zəiflətməyə çalışır.
Tramp Putinin nümayəndəsi ilə görüşdən sonra “yalnız Ukraynanı deyil, ümumilikdə bütün Avropanı əhatə edə biləcək” “böyük saziş” barədə danışdığı halda, Kreml rəhbəri atəşkəsin ilkin şərti kimi Kiyevdən Donbasın işğal olunmamış hissəsini təslim etməsini tələb edib.
Financial Times qəzetinə müharibənin dayandırılması üçün qeyri-rəsmi kanallar vasitəsilə səylər göstərən iki şəxs bu barədə məlumat verib. Onlardan birinin sözlərinə görə, Putin yekun razılaşma çərçivəsində NATO ilə təhlükəsizlik zəmanətləri barədə razılaşmaların da nəzərdə tutulduğu halda, əlavə ərazi güzəştləri gözləyir.
FT-nin həmsöhbətlərinin fikrincə, gələn həftə Əbu-Dabidə başlanacaq danışıqların atəşkəslə nəticələnməsi ehtimalı azdır. Çünki Putin bu qış Ukraynanı kütləvi bombardman etməklə müharibədə üstünlüyü yenidən ələ almağa çalışır.
“Razılaşana qədər bütün infrastrukturunuzu məhv edəcəyəm. Gələn ilə Ukraynanın heç bir infrastrukturu qalmayacaq. Bütün körpülər, limanlar, dəmir yolları, enerji infrastrukturu, elektrik stansiyaları… dağıdılacaq”, – deyə həmsöhbətlərdən biri Putinin mövqeyini ifadə edib.
Trampın kürəkəni Cared Kuşnerin bildirdiyinə görə, Vaşinqton Kiyev üçün təhlükəsizlik zəmanətləri və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı Ukrayna, NATO və Avropadakı tərəfdaşlarla “məhsuldar və məzmunlu” danışıqlar aparıb.
Onun sözlərinə görə, Vaşinqton bütün tərəflərin narahatlıqlarını nəzərə alan praktiki tədbirlər hazırlamağa çalışır. Buraya Avropada uzunmüddətli təhlükəsizlik və sabitlik üçün dayanıqlı əsasın yaradılması da daxildir.
Lakin FT-nin həmsöhbətinin fikrincə, Moskva diqqətin ərazi məsələlərindən təhlükəsizlik zəmanətlərinə yönəldilməsini danışıqları daha da uzatmaq üçün bir vasitə kimi qiymətləndirir. Eyni zamanda Rusiya Ukraynanın hərbi mövqelərini zəiflətməyə çalışır.
Avropa ölkələri Ukrayna ilə bağlı sülh danışıqlarından qitədə yeni təhlükəsizlik arxitekturasının müzakirəsi üçün istifadə edilməsinə qarşı çıxırlar. Onlar Moskvanın öz təsir dairəsini bərpa etməyə və NATO-nun şərq cinahındakı ölkələrin suverenliyini zəiflətməyə çalışacağından ehtiyat edirlər.
Bundan əlavə, Avropada Tramp administrasiyasının Avropanın təhlükəsizliyinə zərər vuracaq şəkildə Rusiya ilə razılaşma əldə edə biləcəyindən narahatdırlar. FT yazır.
Avropalı rəsmilərdən biri Kuşnerin açıqlamasını “tamamilə gözlənilməz” adlandırıb: “Müharibə (Ukraynaya qarşı) başa çatana qədər Avropanın təhlükəsizliyi ilə bağlı paralel danışıqlar aparılmayacaq. Üstəlik, rusların bu barədə danışarkən nəyi nəzərdə tutduğunu bilirik və belə bir şey baş verməyəcək”.
Kuşner bildirib ki, ABŞ Ukrayna və Rusiya ilə üçtərəfli danışıqların “mümkün qədər məzmunlu və məhsuldar” keçməsinə imkan verəcək “ciddi təkliflər” üzərində işləyir.
Tramp Kirill Dmitriyevlə görüşdən sonra Ukrayna ilə bağlı “böyük və möhtəşəm saziş”dən danışıb. Onun sözlərinə görə, bu razılaşma “ümumilikdə bütün Avropanı əhatə edə bilər” və “hamı bundan çox məmnun qalacaq”.
Avropa Komissiyasının nümayəndəsi isə cümə günü bildirib: “Avropa İttifaqının təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı qərarlar Avropa İttifaqının özü tərəfindən qəbul edilməlidir”.
