Paytaxt sakini Bank Respublika ilə bağlı narazılığını ictimailəşdirib. Müştərinin sözlərinə görə, yeni aldığı bank kartı cəmi iki gün istifadə edildikdən sonra əsassız şəkildə bloklanıb və hesabda qalan 650 manat vəsaitə çıxış məhdudlaşdırılıb.
Şikayətçi bildirir ki, kartı əldə etdikdən sonra iki gün ərzində ümumilikdə 14 əməliyyat aparılıb və hesaba 1100 manat vəsait daxil olub. O, bu məbləğin 450 manatını nağdlaşdıra bilsə də, qalan 650 manat bank tərəfindən bloklanıb.
Müştərinin iddiasına görə, hadisədən artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq problem həllini tapmayıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı bankın müxtəlif filiallarına müraciət etsə də, hər əməkdaş fərqli izahat verib və konkret cavab ala bilməyib. Daha sonra baş ofisə yaxınlaşan müştəridən hesaba daxil olan vəsaitlərlə bağlı qəbzlər tələb olunub. Şikayətçi tələb olunan qəbzləri təqdim etdiyini, lakin bununla kifayətlənmədiklərini deyir.
İddialara əsasən, bank nümayəndələri əlavə olaraq vəsaiti göndərən şəxslərlə aralarındakı yazışmaları da təqdim etməyi istəyiblər. Müştəri isə istifadə etdiyi mesajlaşma tətbiqində yazışmaların 24 saat ərzində avtomatik silindiyini və bu səbəbdən həmin məlumatları təqdim edə bilmədiyini bildirib.
Vətəndaş kartın ləğv edilərək hesabda qalan məbləğin geri qaytarılmasını tələb edir. O, vəsaitə təcili ehtiyacı olduğunu vurğulayaraq, problemin qısa müddətdə həll olunmaması halında məsələni sosial şəbəkələrdə geniş şəkildə işıqlandıracağını qeyd edib.
Məsələ ilə bağlı Bank Respublikanın rəsmi mövqeyini öyrənmək mümkün olmayıb. Mövzu ilə bağlı qarşı tərəfin açıqlaması təqdim olunacağı təqdirdə materiala əlavə ediləcək.