“14-15 saat işlədirdilər, maaşımdan 120 manat tutdular”- “Al Market”dən ŞİKAYƏT

Al market
Al market

Bakıda fəaliyyət göstərən “Al Market” mağazalar şəbəkəsi ilə bağlı növbəti əmək narazılığı gündəmə gəlib. Vətəndaş Həcər Tağızadə əmək hüquqlarının pozulduğunu iddia edib.

AzPost bildirir ki, onun sözlərinə görə, o, Al Market-də rəsmi olaraq satıcı-kassir vəzifəsinə qəbul olunub. Lakin faktiki olaraq süpürgəçi, yükgötürən və təmizlikçi işlərini də yerinə yetirməyə məcbur edildiyini bildirir. H.Tağızadə qeyd edir ki, işə qəbul zamanı gündəlik iş saatının 9 saat olacağı deyilsə də, sonradan bu şərtə əməl olunmayıb.

Şikayətçinin iddiasına görə, bəzi günlərdə 14-15 saat işlədilib və əlavə iş saatlarına görə hər hansı ödəniş edilməyib. O bildirir ki, rəhbərlik işçi çatışmazlığını əsas gətirərək əməkdaşları normadan artıq işlədib.

Həcər Tağızadə həmçinin bir ay müddətində mağazada müdir müavini funksiyalarını yerinə yetirdiyini, lakin bu vəzifənin rəsmi şəkildə təsdiqlənmədiyini və əlavə əməkhaqqı almadığını iddia edir. Onun sözlərinə görə, sonradan inventar sayımı zamanı sellofan çatışmazlığı əsas gətirilərək maaşından 120 manat tutulub və bu məbləğ “müavin işlədiyinə görə məsuliyyət daşıdığı” arqumenti ilə əsaslandırılıb.

Vətəndaş bildirir ki, 24 fevral 2026-cı il tarixində onunla əmək münasibətlərinə xitam verilib. O qeyd edir ki, işdən çıxarıldıqdan sonra son 4 iş günü və istifadə olunmamış məzuniyyət günləri üzrə hesablanmalı ödənişlər əvəzinə ona cəmi 86 manat 52 qəpik köçürülüb.

Şikayətçi məsələ ilə bağlı dövlət qurumlarının araşdırma aparmasını və əmək hüquqlarının bərpa olunmasını istəyir.

Məsələ ilə bağlı Al Market-in mövqeyini öyrənmək mümkün olmayıb. Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, iş vaxtından artıq əmək, vəzifə dəyişiklikləri və əməkhaqqından tutulmalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.