Bank xidmətlərində şəffaflıq məsələsi yenidən müzakirə mövzusuna çevrilib. AzPost xəbər verir ki, vətəndaş kredit şərtləri ilə bağlı ciddi narazılıq yaşadığını bildirir.
Şikayətə görə, istifadəçi AzərTürk Bankdan 20 min manat məbləğində kredit götürüb. Bildirilir ki, kredit nağd şəkildə deyil, yalnız rəqəmsal kart vasitəsilə təqdim olunub. Vətəndaş isə vəsaiti hissə-hissə çıxarmağa başlayıb.
Onun sözlərinə görə, 5 min manat həddini keçdikdən sonra hər çıxarışdan 1 faiz komissiya tutulduğunu müşahidə edib. Lakin bu halı yalnız 9 min manat çıxardıqdan sonra fərq etdiyini deyir. Bundan sonra isə prosesi dayandıraraq bankla əlaqə saxlayıb.
Bankdan verilən məlumata əsasən, aylıq 5 min manat nağdlaşdırma limiti mövcuddur və bu həddi keçdikdən sonra əlavə komissiya tətbiq olunur. Həmçinin bildirilib ki, vəsait müəyyən müddət ərzində çıxarılmadıqda əlavə faiz hesablanır.
Vətəndaş isə əsas narazılığın bu şərtlərin əvvəlcədən açıq şəkildə izah edilməməsi ilə bağlı olduğunu vurğulayır. Onun fikrincə, bu cür yanaşma müştərinin düzgün məlumatlandırılmaması deməkdir və şəffaflıq prinsiplərinə ziddir.
Mütəxəssislər qeyd edir ki, kredit müqavilələrində bütün şərtlər yazılı şəkildə göstərilsə də, onların müştəriyə aydın və tam izah olunması bankların əsas öhdəliklərindən biridir. Əks halda bu kimi hallarda mübahisələrin yaranması qaçılmaz olur.
Qeyd edək ki, məsələ ilə bağlı bankın rəsmi mövqeyi hələ açıqlanmayıb. Vətəndaş isə bu cür halların qarşısının alınması üçün daha açıq və aydın məlumatlandırmanın vacib olduğunu bildirir.