“ABŞ-ın İrandakı hərbi əməliyyatları başa çatmaq üzrədir və çox tez bir zamanda başa çatacaq”.
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə xalqa müraciəti zamanı deyib.
“Bunu çox tez bir zamanda başa çatdıracağıq. Biz çox yaxınıq. Yaxın Şərqdəki müttəfiqlərimizə – İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreynə təşəkkür etmək istəyirəm. Onlar möhtəşəm olublar və biz onların zərər görməsinə və ya heç bir şəkildə uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”, – Tramp bildirib.
Tramp həmçinin ABŞ-ın İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmaq üzrə olduğunu deyib.
“Silahlı qüvvələrimiz olduqca yaxşı nəticələr göstərib. Əvvəllər hərbi cəhətdən belə bir şey olmayıb. Hamı bunu deyir. Bu gecə məmnuniyyətlə bildirirəm ki, bu əsas strateji məqsədlərə çatmaq üzrəyik”, – o əlavə edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran onlarla razılaşma əldə etməkdən imtina edərsə, ABŞ İranın elektrik stansiyalarını və neft infrastrukturunu məhv etməyə hazırdır.
O, ABŞ-ın İranın yeni rəhbərliyi ilə razılığa gəlməyə çalışdığını qeyd edərək deyib: “Yeni qrup daha az radikal və daha ehtiyatlıdır. Lakin, bu müddət ərzində razılaşma əldə edilməzsə, əsas hədəflərə diqqət yetirəcəyik. Razılaşma olmazsa, onların hər bir elektrik stansiyasına çox güman ki, eyni vaxtda çox sərt zərbələr endirəcəyik. Baxmayaraq ki, bu, ən asan hədəfdir biz onların neft obyektlərinə zərbə endirmədik. Çünki bu, onlara yaşamaq və bərpa olmaq üçün ən kiçik bir şans belə verməzdi. Biz onları vura bilərdik və hər şey məhv olardı. Onlar bu barədə heç nə edə bilməzdilər”, – Tramp deyib.
Tramp daha sonra ABŞ-ın Yaxın Şərqdən neftə ehtiyacı olmadığını bildirib.
“Biz artıq Yaxın Şərqdən tamamilə müstəqilik. Sadəcə kömək etmək üçün oradayıq. Orada olmaq məcburiyyətində deyilik və onların neftinə də ehtiyacımız yoxdur. Biz onlardan heç nəyə ehtiyac duymuruq. Amma müttəfiqlərimizə kömək etmək üçün oradayıq. Bu ölkə artıq faktiki olaraq təhlükə deyil”, Tramp əlavə edib.
ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək- -deyə ABŞ prezidenti Donald Tramp Ağ Evdən xalqa müraciətində danışıb.
“Bu gün deyə bilərəm ki, bütün hərbi məqsədlərimizə tezliklə çatmaq yolundayıq. İki-üç həftə ərzində onları son dərəcə güclü zərbələrlə vuracağıq və onları daş dövrünə qaytaracağıq”, – Tramp deyib.
Tramp eyni zamanda İranın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri məhv edildiyini və raket imkanlarının da tezliklə minimuma endiriləcəyini bildirib.
“Məqsədlərimiz sadə və aydındır. Biz İranın ABŞ-ı təhdid etmək və sərhədlərindən kənarda güc nümayiş etdirmək qabiliyyətini sistematik şəkildə məhv edirik. Bu, hazırda tamamilə məhv edilmiş İran Hərbi Dəniz Qüvvələrini məhv etmək, Hərbi Hava Qüvvələrinə və raket proqramına saysız-hesabsız ziyan vurmaq və müdafiə sənayesi kompleksini sökmək deməkdir. Biz bütün bunları etmişik. Onların Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri yoxdur. Onların raketləri tezliklə tükənəcək və ya məhv ediləcək”, – Tramp əlavə edib.