Alimlər özü-özünü məhv edə bilən “canlı plastik” hazırlayıblar

Alimlər komanda ilə özü-özünü məhv edə bilən yeni plastik növü hazırlayıblar. Bu materialların tərkibinə polimerlərlə yanaşı, plastiki parçalaya bilən aktivləşdirilən mikroorqanizmlər də daxildir.

AZƏRTAC “ACS Applied Polymer Materials” jurnalına istinadla xəbər verir ki, Çjotszyun Dayın rəhbərlik etdiyi tədqiqatçılar bir-biri ilə qarşılıqlı təsirə girərək materialı cəmi altı gün ərzində tam parçalayan və mikroplastik yaratmayan iki bakteriya ştamından istifadə ediblər.

Alimlər qeyd ediblər ki, bir çox mikrob fermentlər vasitəsilə uzun polimer zəncirlərini daha kiçik fraqmentlərə parçalaya bilir. Plastik polimer olduğundan, həmin fermentlər və ya onları istehsal edən mikroblar “canlı” plastikin tərkibinə daxil edilə bilər.

“Mikroorqanizmlərin materialın tərkibinə yerləşdirilməsi sayəsində plastik faktiki olaraq “canlana” və komanda ilə özü-özünü məhv edə bilər. Bu isə uzunömürlülüyü problemdən proqramlaşdırılan xüsusiyyətə çevirir. Ənənəvi plastiklərin yüzilliklər boyu qalması, onların bir çox istifadə sahələrinin, məsələn qablaşdırmanın qısamüddətli xarakter daşıması bizi belə bir sual üzərində düşünməyə vadar etdi: parçalanma prosesini materialın həyat dövrünə birbaşa daxil etmək mümkündürmü?”, – deyə məqalənin aparıcı müəlliflərindən biri Çjotszyun Day bildirib.

Komanda, həmçinin qeyd edib ki, plastiklər geniş istifadə olunur, lakin onların parçalanmaya davamlılığı ciddi ekoloji narahatlıqlar doğurur. Sintetik biologiya sahəsində son nailiyyətlər daxilinə sporlar yerləşdirilmiş canlı plastiklərin hazırlanmasına imkan verib.

Texnologiya hələ bir polimer növü üzərində işlənib hazırlanıb və qidalandırıcı məhlul və təxminən 50°C temperatur kimi müəyyən aktivləşmə şərtləri tələb edir. Sənaye tətbiqinə qədər çox vaxt var. Lakin materialın proqramlaşdırılmış ömür sonunun onun konstruksiyasının ayrılmaz hissəsi olması prinsipi plastik tullantılarla iş sahəsində yeni istiqamət açır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.