Buraxılış imtahanında 86 faiz şagird bu suala cavab verə bilməyib –DİM sədri

Azərbaycanda şagirdlərin ümumi riyazi bilikləri elə də yaxşı səviyyədə deyil.

Azpost.info bildirir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında qoyulan suallar sadə suallar olur və onun cavablandırılması 1–3 saniyə vaxt tələb edir. DİM sədri qeyd edib ki, buraxılış imtahanında statistikaya görə 1 çətin sual olub:

“Bir sualı sizə göstərim. Buraxılış imtahanında statistikaya görə 1 çətin sual olub: f(x)=ax2+bx+c funksiyasının qrafikinə aid yazılı cavab tələb edən açıq tipli tapşırıq. Bu suala 86,8 faiz şagird cavab verə bilməyib. 1 (tam) balı 3,6% şagird toplayıb. 4,14% şagird 23 bal, 5,39% şagird 13 bal, 10,87% şagird 0 bal toplayıb. 76,01% iştirakçı isə sualı cavablandırmaqdan imtina edib. Bu sualın cavablandırılması 2–3 dəqiqə vaxt tələb edir. 9-cu sinif dərsliyinə aiddir və tam proqram çərçivəsindədir”-deyə DİM sədri vurğulayıb.

M.Abbasazadə bildirib ki, hər cavablandırma müddətinə uyğun sual tərtib edilir: 1–5 saniyəyə 4 sual, 6–10 saniyəyə 3 sual, 11–20 saniyəyə 3 sual, 21–30 saniyəyə 4 sual, 30–60 saniyəyə 4 sual və 1–5 dəqiqəyə 7 sual – yazılı cavab tələb edən tapşırıqlar cavablandırıla bilər: “Ümumilikdə 45-50 dəqiqə kifayət edir. Qalan 15–10 dəqiqə isə sualları yoxlamağa və kodlaşdırmağa sərf olunur. Buraxılış imtahanında 18 asan sual var. Nə üçün onlara bu suallar çətin gəlir? Çünki şagird gərək riyaziyyatı lap aşağı siniflərdən öyrənməyə başlasın”.

DİM sədri qeyd edib ki, burada birinci problem valideynlərin özlərinin riyazi biliklərinin hazırkı tədris proqramına uyğun olmaması ilə əlaqədardır. Riyazi biliklər zəncirvarı xarakter daşıyır və əvvəlki biliklər formalaşmadan növbəti mərhələyə keçmək mümkün olmur. Şagird natural ədədlərlə işləməyi bacarmırsa, rasional ədədlərə, daha sonra isə cəbrə keçməkdə çətinlik çəkəcək. Buna görə də riyazi təməl ibtidai siniflərdən düzgün formalaşdırılmalıdır. Bir-iki ilə riyazi qabiliyyətləri formalaşdırmaq mümkün deyil. Müəllim natural ədədləri bilməyən şagirdə deyə bilməz ki, səni bir-iki ilə imtahana tam hazır edəcəyəm.

“Bizim suallarımız proqrama tam uyğundur. Suallar müxtəlif səviyyələr üzrə hazırlanır: sadə suallar zəif nəticə göstərənlərlə müəyyən biliyi olanları fərqləndirməyə, orta və çətin suallar isə yaxşı nəticə göstərən şagirdləri seçməyə xidmət edir. Əgər bütün suallar sadə olsa, hazırlıqlı və istedadlı şagirdləri digərlərindən fərqləndirmək mümkün olmaz”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.