Ölkəmizdə illik 20 milyondan çox kəsmə gül istehsal edilir. Bununla yanaşı, təxmini 10 milyona yaxın da gül idxal olunur.
Azpost.info bildirir ki, bunu Azərtac-a açıqlamasında “Azərbaycan Gül istehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Laləzar İmamquliyeva deyib.
Onun sözlərinə görə, idxal əsasən Cənubi Amerika, Afrika ölkələri ilə yanaşı, Çin, İran kimi ölkələrdən də həyata keçirilir: “Həmin ölkələrdə istehsalın maya dəyəri çox aşağıdır. Misal üçün, Cənubi Amerika və Afrika ölkələrinin iqlim şəraitinə görə elektrik enerjisi və təbii qazdan istifadə edilmir, eyni zamanda, işçilərə çox aşağı əməkhaqqı verilir və bu da idxal olunan gülün qiymətinin yerli istehsalçı ilə eyni, yaxın ölkələrdən idxal zamanı, məsələn, İrandan, yerli istehsalçının topdansatış qiymətindən daha aşağı olur. Digər ölkələrdən gül idxalına müəyyən limitlərin qoyulması tətbiq olunarsa, yerli istehsala maraq artar”.
L.İmamquliyeva deyib ki, bizim istehsalçılar keyfiyyətli gül istehsalı üçün enerji daşıyıcılarından asılıdırlar: “Təsəvvür edin ki, istixanalarda yetişdirilən güllərin maya dəyərinin 50 faizdən çox hissəsi enerji daşıyıcılarının payına düşür”.
O bildirib ki, bu gün gülçülük kənd təsərrüfatının digər sahələrinə ayrılmış subsidiyalardan istifadə edə bilmir: “Biz gül tinglərini, soğanaqları Avropadan, əsasən də Niderland Krallığından idxal edirik. Gül tinginin qiymətindən əlavə, hər ting üçün əlavə lisenziya haqqı ödəyirik və biz burada heç bir subsidiya almırıq. Bununla yanaşı, açıq sahələrdə yetişdirilə bilən gül növlərinin əkinində gülçülər aqrar sığorta alətlərindən istifadə edə bilmir, bu da risklərimizi artırır”.
Prezident İlham Əliyev müşavirədə ixrac potensialının gücləndirilməsini qeyd etdi. İxrac potensialının gücləndirilməsi üçün maya dəyərinin aşağı salınması ilə yanaşı, ekoloji baxımından təmiz məhsul yetişdirilməsi də vacib amillərdəndir. Bunun üçün zərərvericilərlə mübarizədə bioloji üsullardan istifadə olunması zəruridir. Bu, eyni zamanda, ölkəmizin qoşulduğu Rotterdam Konvensiyasının bir hissəsidir.
“Hazırda zərərvericilərlə mübarizədə faydalı agentlər – “böcəklər” idxal olunur. Həmin böcəklərin ömrünün 1-2 həftə olmasına baxmayaraq, biz onları diri heyvan kateqoriyasında idxal edirik. Faydalı agentlərin istehsalı üzrə yerli laboratoriyaların qurulması əsas şərtlərdən biridir. Məlumat üçün bildirim ki, bu faydalı agentlər gülçülüklə yanaşı tərəvəz və sair sahələrdə də istifadə olunur.
Bütün qeyd olunan amillər öz həllini taparsa, ölkəmiz regionun əsas gül istehsalçılarından birinə çevrilər”-deyə L.İmamquliyeva vurğulayıb.