Son illər Azərbaycanda daşınmaz əmlak bazarı ən aktiv sahələrdən birinə çevrilib. Xüsusilə Bakı və ətraf ərazilərdə mənzil qiymətlərinin davamlı artması ev almağı planlaşdıranları daha diqqətli seçim etməyə məcbur edir.
Bəs hazırda Bakının hansı rayonlarında ev almaq daha sərfəlidir?
Azpost.info bildirir ki, əmlak bazarındakı son hesabatlara görə, Bakı şəhərində mənzillərin orta qiyməti hər kvadratmetr üçün təxminən 2400-2500 manat civarındadır. Bununla belə, rayonlar arasında ciddi qiymət fərqləri mövcuddur.
Ekspertlərə görə, investisiya baxımından ən cəlbedici rayonlardan biri Yasamaldır. Bu rayon həm şəhər mərkəzinə yaxınlığı, həm də yeni tikililərin çoxluğu səbəbindən alıcıların diqqətini çəkir. Yasamalda mənzillərin qiyməti yüksək olsa da, kirayə bazarının güclü olması gələcək gəlir imkanlarını artırır.
Nərimanov rayonu da sərfəli seçimlər sırasında göstərilir. Burada həm biznes mərkəzləri, həm universitetlər, həm də yeni yaşayış kompleksləri yerləşir. Bu səbəbdən kirayə mənzilə tələbat daim yüksək qalır. Əmlak bazarı üzrə məlumatlar göstərir ki, Nərimanovda likvidlik səviyyəsi Bakı üzrə ən yüksək rayonlardan biridir.
Daha münasib qiymət axtaranlar üçün Binəqədi, Suraxanı və Sabunçu rayonları ön plana çıxır. Bu ərazilərdə qiymətlər şəhər mərkəzi ilə müqayisədə xeyli aşağıdır. Eyni zamanda metro və yol infrastrukturu inkişaf etdikcə həmin rayonlarda mənzil dəyərlərinin artacağı gözlənilir. Xüsusilə Sabunçu və Suraxanı son illərdə yeni yaşayış layihələrinin genişləndiyi ərazilərdən hesab olunur.
Abşeron rayonu, xüsusilə Xırdalan, Masazır və Saray qəsəbələri də alıcıların maraq göstərdiyi istiqamətlərdəndir. Burada evlər Bakının mərkəzi rayonları ilə müqayisədə daha ucuzdur. Lakin ekspertlər sənədləşmə məsələlərinə diqqət yetirməyi tövsiyə edirlər. Çünki bəzi yaşayış massivlərində çıxarış problemi hələ də tam həll olunmayıb.
Premium seqmentdə isə Səbail, Nəsimi və Ağ Şəhər ərazisi liderliyini qoruyur. Bu zonalarda ev almaq daha böyük büdcə tələb etsə də, əmlakın dəyərinin uzunmüddətli perspektivdə sabit qalması və artması ehtimalı yüksək qiymətləndirilir.
Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, ev alarkən yalnız qiymətə deyil, infrastruktur, nəqliyyat imkanları, məktəb və xəstəxanalara yaxınlıq, eləcə də gələcək inkişaf planlarına diqqət yetirmək lazımdır. Bəzən bu gün ucuz görünən bir ərazi bir neçə ildən sonra ən gəlirli investisiyaya çevrilə bilər.
Mövcud bazar tendensiyalarına əsasən, yaşamaq üçün Nərimanov, Yasamal və Xətai, investisiya üçün isə Binəqədi, Suraxanı, Sabunçu və Abşeron istiqamətləri hazırda ən perspektivli ərazilər hesab olunur.
Sunay Aydın