Azərbaycanda hərbi çağırışla bağlı yeni qaydalar –Kimlər əsgərlikdən azad olunur?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər.
Azərbaycanda normal şərtlərdə 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. Lakin 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilmişdir.
Qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının əsas istiqamətləri aşağıdakılardır:
1. Təhsil əsasında möhlət hüququ
Əyani təhsil alan çağırışçılara (xaricdə təhsil alanlar da daxil olmaqla) aşağıdakı yaş hədləri və şərtlər daxilində möhlət verilir:
Bakalavriat: 24 yaşı tamam olanadək;
Magistratura: Son qanun dəyişikliyi ilə yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib;
Rezidentura və Doktorantura: Təhsilini tam başa vuranadək;
Doktorantura qəbulu: Qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə əlavə 3 aylıq möhlət;
Tam orta təhsil: Təhsilini hələ başa vurmamış 20 yaşınadək vətəndaşlar.
2. Ailə vəziyyətinə görə möhlət hüququ
Ailə vəziyyəti ilə bağlı möhlət hüququ aşağıdakı hallarda verilir və yeni redaksiyaya əsasən 30 yaşadək qüvvədə qalır:
Başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olduqda;
Üç və daha çox uşağın atası olan şəxslərə;
I qrup əlil həyat yoldaşına qulluq edən kişilərə;
18 yaşınadək və ya I qrup əlil qardaş/bacısına baxan və onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslərə.
Önəmli qeyd: 30 yaşınadək ailə vəziyyətinə görə möhlət hüququnu itirməmiş şəxslər, dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək birbaşa ehtiyata keçirilirlər.
3. Sağlamlıq vəziyyətinə görə tənzimləmələr
Müvəqqəti yararsızlıq: Tibbi müayinə zamanı müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə 1 ildən çox olmamaq şərtilə, ümumilikdə 3 ilə qədər möhlət verilə bilər.
Tam yararsızlıq: Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər hərbi qeydiyyatdan tamamilə çıxarılır.
4. Hərbi xidmətdən tam azadolma halları
Müddətli həqiqi hərbi xidmətə çağırışdan tam azad olunan vətəndaşların kateqoriyası:
Elmi dərəcəsi olanlar: Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər;
Xaricdə xidmət keçənlər: Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun olaraq hərbi xidmət keçmiş şəxslər;
Məhkumluğu olanlar: Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər.
5. Məsuliyyət mexanizmləri və cəzalar
2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra çağırışdan boyun qaçırma hallarına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.
Üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək qanun pozuntusu hesab olunur:
İlkin/Yüngül hallar – İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə/məsuliyyət
Qanuni əsas olmadan boyun qaçırma (Dinc dövrdə)- Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən 2 ilədək azadlıqdan məhrumetmə
Müharibə dövründə boyun qaçırma- 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.