“Sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi start götürür

Son illərdə Azərbaycanda korporativ sosial məsuliyyət (KSM) sahəsində fəallıq artsa da, QHT-lərlə özəl sektor arasında sistemli və institusionallaşmış əməkdaşlıq mexanizmlərinin zəif qaldığı müşahidə edilir.
Məhz bu istiqamətdə irəliləyişə nail olmaq məqsədilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” adlı layihənin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas ideyası KSM çərçivəsində QHT və özəl sektor arasında birgə sosial təşəbbüslərin sayını artırmaq, qarşılıqlı etimadı gücləndirmək və bu sahədə institusional əsaslar yaratmaqdır.
Layihənin hazırlıq mərhələsində aparılmış ilkin araşdırmalar göstərir ki, Azərbaycanda QHT–biznes əməkdaşlığında üç əsas çətinlik var:
 Şirkətlər QHT-lərin potensialını tam tanımır, QHT-lər isə biznesin dilini, KPI-larını və investisiya arqumentlərini kifayət qədər mənimsəmir.
Etimad çatışmazlığı müşahidə olunur, tərəflər arasında birgə layihələrin işlənilməsi və icrası təcrübəsi məhduddur.
Ölçülə bilən təsir mexanizmləri zəifdir, əməkdaşlığın nəticələri çox vaxt qiymətləndirilmir və sənədləşdirilmir.
Mövcud vəziyyəti təsdiqləyən rəqəmlər də diqqət çəkir, 2024-2025-ci illər üzrə 100 yaxın iri şirkətlərin KSM fəaliyyətlərinin təhlili göstərir ki, bu şirkətlər ümumilikdə çox az sayda QHT ilə əməkdaşlıq edib. Bir çox şirkət isə KSM-i yalnız daxili korporativ tədbirlərlə məhdudlaşdırır.
Beynəlxalq kontekst də bu problemin aktuallığını artırır. Avropa İttifaqının yeni Korporativ Davamlılıq Hesabatı Direktivi (CSRD) şirkətlərdən tədarük zənciri boyu sosial və ekoloji təsirləri açıqlamağı tələb edir. Bu isə Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün QHT-lərlə faktlara əsaslanan əməkdaşlığı strateji zərurətə çevirir.
Layihə problemi həll etmək üçün dörd istiqamətdə fəaliyyət göstərəcək. Ən azı 100 QHT və 50 şirkət nümayəndəsi arasında onlayn sorğu keçiriləcək, ardınca QHT-lər və biznes nümayəndələri üçün ayrı-ayrılıqda 2 fokus qrup müzakirəsi təşkil olunacaq. Sorğu və fokus qrup nəticələri əsasında “QHT-Biznes əməkdaşlığı potensialı və tövsiyələr” adlı Analitik hesabat hazırlanacaq. Bu hesabatda həm yerli problemlər, həm də Türkiyə və Avropa İttifaqının qabaqcıl təcrübələri təhlil ediləcək.
QHT nümayəndələri üçün “KSM Strategiyasına uyğun layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçiriləcək. Şirkət nümayəndələri üçün isə “QHT-lərlə şəffaf və səmərəli tərəfdaşlıqların qurulması” mövzusunda 2 onlayn seminar keçiriləcək.
Bundan əlavə, QHT-lərlə biznes assosiasiyaları arasında ən azı 3 əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulur. Bu memorandumlar gələcək birgə layihələr üçün rəsmi və davamlı əsas təşkil edəcək.
Həmçinin, analitik hesabat əsasında hazırlanmış 3 məqalə iki ictimai-siyasi kontentə malik saytda yayımlanacaq.
Layihənin icra müddəti 5 ay olaraq planlaşdırılıb. Layihənin əsas tərəfdaşları sırasında Azərbaycan Milli QHT Forumu və biznes assosiasiyaları yer alır.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.