Gənc kino xadimləri ilə təlim proqramı başa çatıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən QHT-lər üçün elan edilmiş 2025-ci il qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Kino əsərlərinin dialoqu: Gənc kino xadimləri ilə təlim proqramı (“Bayatılar”)” layihəsi uğurla başa çatıb.

Layihənin yekun tədbiri 2026-cı il iyunun 14-də keçirilmiş və layihə iştirakçıları ilə son görüş təşkil olunmuşdur. Tədbirdə layihə çərçivəsində əldə olunan nəticələr müzakirə edilmiş, iştirakçıların təəssüratları dinlənilmiş və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

Layihənin əsas məqsədi Azərbaycan xalq yaradıcılığının qədim və zəngin nümunələrindən olan bayatı janrının müasir kino dili vasitəsilə yenidən interpretasiya edilməsinə dəstək göstərmək, gənc ssenarist və rejissorların yaradıcılıq potensialını inkişaf etdirmək olmuşdur.

Layihəyə ümumilikdə 22-yə yaxın gənc iştirakçı cəlb olunmuşdur. Təlimlər və ustad dərsləri mərhələsindən sonra onların 12 nəfəri öz ssenari layihələri üzərində işləməyə davam etmiş, yekun mərhələdə isə 8 tamhüquqlu ssenari hazırlanmışdır. Bu nəticə iştirakçıların yüksək motivasiyasını və layihənin yaradıcı potensialının gözləniləndən daha böyük olduğunu nümayiş etdirmişdir.

Yekun görüş zamanı layihənin benefisiarları olan gənc ssenarist və rejissorlar proqramın onların peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulamış, əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində faydalı olacağını bildirmişlər. İştirakçılar, həmçinin, yaradıcı gənclərin inkişafına xidmət edən bu cür təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürlərini ifadə etmişlər.

Layihənin yekun məhsulu olacaq “Bayatılar” kinoalmanaxının müasir Azərbaycan kinosunda milli-mədəni irsə əsaslanan orijinal yaradıcılıq nümunəsi kimi formalaşacağı və gələcəkdə geniş auditoriyaya təqdim olunacağı gözlənilir. Eyni zamanda, layihənin nəticələrinin gənc kino xadimlərinin peşəkar şəbəkələşməsinə, yeni yaradıcı əməkdaşlıqların qurulmasına və milli mədəni irsin müasir incəsənətdə təbliğinə töhfə verəcəyi nəzərdə tutulur.

Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi gələcəkdə də mədəniyyət, incəsənət və yaradıcı sənayelərin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.

 

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.