Böyük şəhər həyatı, iş qrafiki və sosial şəbəkələr müasir ailə modelini kökündən dəyişdirib. Bu gün sosioloqlar yeni bir termin istifadə edirlər: “Eyni dam altında tənha yaşayanlar”.
Azpost.info bildirir ki, səhərlər eyni evdə oyanan, lakin bir-biri ilə cəmi bir neçə kəlmə kəsən ailə üzvlərinin sayı sürətlə artır.
Ailələrin ən böyük sosial problemi artıq münaqişələr deyil, sükutdur. Səhər yeməyi və ya şam yeməyi zamanı masa arxasında oturan 3-4 nəfərlik ailə üzvlərinin hər birinin gözü öz telefonunun ekranındadır. İnsanlar virtual dünyadakı tanımadıqları şəxslərin rəylərinə, qarşısındakı doğma insanın sözlərindən daha çox dəyər verməyə başlayıblar.
Valideynlərin virtual dünyaya qapanması uşaqlarda “mənə əhəmiyyət verilmir” hissi yaradır. Bu cür ailələrdə böyüyən uşaqlar gələcəkdə real ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Çıxış yolu nədir?
Evinizdə “Telefonsuz zonalar” elan edin. Məsələn, yemək masası arxasında və yataq otağında telefon istifadəsini qadağan edin. Gündə cəmi 20 dəqiqəlik göz təması və səmimi söhbət ailədaxili boşanma və soyuqluq riskini minimuma endirir.