Hollivud aktyoru və tanınmış bodibilder Arnold Şvartsenegger 78 yaşında sağlam və gümrah qalmasının sirrini bölüşüb.
Azpost.info xəbər verir ki, bu barədə Newsweek nəşri yazıb.
Şvartsenegger bildirib ki, gənclik illərində onun güc fəlsəfəsi “daha çox” prinsipi üzərində qurulmuşdu – daha ağır çəkilər, daha intensiv məşqlər və daha böyük yüklənmə. Məhz bu yanaşma ona 13 dünya çempionluğu qazandırıb.
Lakin yaş artdıqca onun baxışları dəyişib. Aktyorun sözlərinə görə, bu gün əsas prinsip bədəni bərpa etmək, dəyişikliklərə uyğunlaşmaq və çətin olsa belə hərəkəti davam etdirməkdir.
O hesab edir ki, insanların çoxu ağrı qorxusuna görə vaxtından əvvəl təslim olur və bununla da bədənlərinin əsl potensialını heç vaxt kəşf edə bilmirlər.
Şvartsenegger etiraf edib ki, yaşlanmaq asan deyil. O, omba oynağının dəyişdirilməsi, ürək və çiyin əməliyyatları keçirib. Ürək əməliyyatlarından sonra həkimlər ona ağır çəkilərlə məşq etməyi qadağan ediblər. Buna görə də o, məşqlərə demək olar ki, sıfırdan başlayıb, yüngül çəkilərdən istifadə edib və hər hərəkəti maksimum diqqətlə yerinə yetirib.
Aktyor bildirib ki, onun da səhərlər oynaqlarının ağır hiss olunduğu, yataqdan qalxmaq istəmədiyi günlər olur. Lakin belə anlarda ilham gözləmir, sadəcə məşqə gedir. Onun sözlərinə görə, fiziki aktivlikdən sonra özünü xeyli yaxşı hiss edir.
Şvartsenegger insanların zamanla həyatlarını özləri də hiss etmədən məhdudlaşdırdıqlarını vurğulayıb. Əvvəlcə diz ağrılarına görə pilləkənlə qalxmaqdan imtina edilir, sonra axşam gəzintiləri ləğv olunur. Nəticədə ağrı və hərəkət məhdudiyyəti insanın təkcə rahatlığını deyil, həm də müstəqilliyini əlindən alır.
Hazırda onun məşq proqramı 20 yaşındakı dövrlə müqayisədə tam fərqlidir. Şvartsenegger daha yüngül çəkilərdən istifadə edir, təkrarların sayını artırır, yanaşmalar arasında qısa fasilələr verir, qaçışı velosiped sürmə ilə əvəz edir və xizəklə yalnız yarım gün məşğul olur.
Aktyor sevimli siyasətçisi Teodor Ruzveltin məşhur ifadəsini də xatırladıb: “Dincəlsən, pas atarsan.”
Şvartsenegger bildirib ki, yaş artdıqca bu fikrin doğruluğunu daha yaxşı anlayır.
Sonda o vurğulayıb ki, müəyyən yaşdan sonra fiziki inkişafın mümkün olmadığı barədə düşüncələr doğru deyil. Onun sözlərinə görə, elmi araşdırmalar göstərir ki, insanlar 80 və hətta 90 yaşlarında da əzələ gücünü artırmaq qabiliyyətinə malikdirlər.