ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün vəsait tapmaqda ciddi problemlərlə üzləşib. Əlavə xərclər paketinin Konqresdə müzakirəsi faktiki olaraq dayanıb və bu səbəbdən Prezident Donald Trampın komandası xərclərin qarşılanması üçün alternativ variantlar axtarmağa məcbur olub.
Azpost.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, maliyyələşdirmə ilə bağlı fikir ayrılıqları Ağ Evlə ABŞ qanunvericiləri arasında münasibətləri daha da gərginləşdirib.
Bildirilir ki, Donald Tramp Konqres üzvlərini İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi üçün tələb olunan yeni maliyyə paketini dəstəkləməyə inandırmaq istiqamətində ciddi fəallıq göstərmir.
Konqresmenlərin də əlavə vəsait ayrılmasına xüsusi maraq göstərmədiyi qeyd olunur. Bunun əsas səbəblərindən biri enerji daşıyıcılarının bahalaşması nəticəsində ABŞ vətəndaşlarının maliyyə yükünün artmasıdır. Bu amil yeni hərbi xərclərin ayrılmasını siyasi baxımdan həssas məsələyə çevirib.
Bloomberg yazır ki, Trampın bu yaxınlarda elan etdiyi genişmiqyaslı idxal rüsumları da qiymət artımını sürətləndirə və vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Corciya ştatında keçirilən mitinqdə çıxış edən Donald Tramp bildirib ki, gələcəkdə neftin qiymətinin enəcəyinə, hətta əvvəlki səviyyədən də aşağı düşəcəyinə inanır. O, amerikalıları səbirli olmağa çağıraraq bunun üçün müəyyən vaxt lazım olacağını vurğulayıb.
Agentliyin məlumatına görə, ABŞ administrasiyasının keçmiş nümayəndələri Trampın bu nikbinliyini onun İranın cavab imkanlarının bir neçə həftə ərzində demək olar ki, tam zərərsizləşdirilə biləcəyinə inanması ilə əlaqələndirirlər.
Bloomberg-ə danışan Ağ Evə yaxın mənbələrdən biri isə bildirib ki, ABŞ Prezidenti hələ də kifayət qədər geniş maliyyə imkanlarına malik olduğunu düşünür və hesab edir ki, Tehran ABŞ-ın qısa müddətdə hərbi əməliyyata başlamaq və onu eyni sürətlə başa çatdırmaq qabiliyyətini lazımınca qiymətləndirmir.