ABŞ alimləri insult riskini əhəmiyyətli dərəcədə azalda bilən yeddi əsas həyat tərzi vərdişini müəyyən ediblər. Araşdırma göstərib ki, bu qaydalara əməl etmək hətta genetik meyilliliyi yüksək olan insanlarda belə insult ehtimalını 30-43 faiz azalda bilər.
Azpost.info xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Hyuston şəhərində yerləşən Texas Universitetinin alimləri sağlam həyat tərzinin insult riskinə təsirini araşdırıblar. Mütəxəssislər aşağıdakı 7 əsas vərdişin sağlamlıq üçün həlledici əhəmiyyət daşıdığını bildirirlər:
-sağlam və balanslaşdırılmış qidalanmaq;
-müntəzəm fiziki aktivliklə məşğul olmaq;
-siqaretdən imtina etmək;
-normal bədən çəkisini qorumaq;
-arterial təzyiqi nəzarətdə saxlamaq;
-xolesterin səviyyəsini normada saxlamaq;
-qanda şəkərin səviyyəsinə nəzarət etmək.
Bu tövsiyələr Amerika Ürək Assosiasiyasının hazırladığı “Həyat üçün yeddi sadə qayda” proqramının əsasını təşkil edir.
Araşdırma 30 ilə yaxın davam edib
Tədqiqatda orta yaşlı 11 500-dən çox amerikalı iştirak edib və onların sağlamlıq vəziyyəti təxminən 30 il ərzində izlənilib.
İştirakçıların qan analizləri əsasında insultla əlaqəli genetik dəyişikliklər müəyyən edilib və hər bir şəxs üçün genetik risk səviyyəsi hesablanıb. Bununla yanaşı, alimlər xolesterin, arterial təzyiq, qanda şəkər, bədən kütlə indeksi, siqaret istifadəsi, meyvə-tərəvəz istehlakı və fiziki aktivlik kimi göstəriciləri də qiymətləndiriblər.
Genetik riski belə kompensasiya etmək mümkündür
Araşdırmanın nəticələri göstərib ki, insulta yüksək genetik meyilliliyi olan, lakin sağlam həyat tərzinə əməl edən şəxslərdə xəstəlik riski 30-43 faiz aşağı olub.
Bundan əlavə, bu insanlar insult keçirmədən orta hesabla təxminən 6 il daha uzun yaşayıblar.
Araşdırmaya görə, tövsiyələrə ciddi əməl edən iştirakçılar arasında insult keçirmə göstəricisi cəmi 6 faiz təşkil etdiyi halda, sağlam həyat tərzinə əməl etməyənlərdə bu göstərici 57 faizə çatıb.
Tədqiqatın rəhbəri, professor Miriam Fornej bildirib ki, xüsusilə arterial təzyiq kimi həyat tərzi amillərinə nəzarət genetik risklərin təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
Onun sözlərinə görə, genetik məlumatlardan istifadə yüksək risk qrupunda olan insanları vaxtında müəyyən etməyə və onları sağlam həyat tərzinə təşviq etməyə imkan verir. Bu isə həm ömür uzunluğunu artırır, həm də sağlamlığın qorunmasına kömək edir.
N.Talıbov