Almaniyada zavod cəmi 1 avroya satışa çıxarıldı

Almaniyada XIX əsrdə tikilmiş tarixi zavod kompleksi cəmi 1 avroya satışa çıxarılıb.

Bild qəzetinin məlumatına görə, hərraca çıxarılan geniş sənaye ərazisi Saksoniya-Anhalt federal torpağında, Maqdeburqun şimalında yerləşən Tangerhütte şəhərindədir.

1842-ci ildə burada dəmir filizi yataqları aşkar edildikdən sonra metallurgiya müəssisəsi yaradılıb. Qısa müddətdə zavod kənd təsərrüfatı ilə məşğul olan kiçik yaşayış məntəqəsini dünya miqyasında tanınan sənaye mərkəzinə çevirib.

Müəssisədə 1 500-dən çox sakin çalışırdı. Burada istehsal olunan küçə fənərləri, vintvari pilləkənlər, vannalar və hətta çay pavilyonları XIX əsrin sonlarında Almaniyanın iqtisadi yüksəlişi dövründə böyük tələbat görürdü. Zavodun məhsulları Yaponiya, Misir və Argentina da daxil olmaqla bir çox ölkəyə ixrac edilir, müəssisə qısa müddətdə beynəlxalq şöhrət qazanırdı.

Lakin Almaniya Demokratik Respublikasının (ADR) süqutundan sonra vaxtilə məşhur olan bu sənaye kompleksi fəaliyyətini dayandıraraq tərk edilmiş xarabalığa çevrilib. İndi şəhər rəhbərliyi obyektdən qurtulmağa çalışır. Bu səbəbdən hərracda başlanğıc qiymət simvolik olaraq 1 avro müəyyən edilib.

Müraciətlər 30 sentyabr tarixinədək qəbul olunacaq. Bununla belə, yeni sahibin üzərinə ciddi öhdəliklər düşəcək.

Satış şərtlərinə əsasən, alıcı memarlıq abidəsi statusu daşıyan binaların fasadlarını təcili şəkildə möhkəmləndirməli və onların uzunmüddətli qorunmasını təmin etməlidir. Bu isə gələcək sahibdən böyük həcmdə bərpa və konservasiya işləri aparmağı tələb edəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.