Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Şamaxı Toplantısı”nın əhəmiyyəti və ölkənin beynəlxalq iqlim diplomatiyasına verdiyi töhfələrlə bağlı geniş açıqlama yayıb.
Azpost.info daxil olan məlumatda bildirilib ki, Azərbaycan COP29-a sədrliyindən sonra da qlobal iqlim gündəliyində fəal iştirakını davam etdirir. Artıq üçüncü ildir keçirilən “Şamaxı Toplantısı” BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində iqlim danışıqları aparan ölkələrin nümayəndələrini bir araya gətirən mühüm qeyri-rəsmi platformaya çevrilib.
XİN qeyd edib ki, Şamaxı Toplantısı Bonn sessiyası ilə Pre-COP mərhələsi arasında keçirilərək beynəlxalq iqlim danışıqları təqvimində mühüm boşluğu doldurur. Platforma Bonn Konfransında əldə olunan nəticələrin inkişaf etdirilməsinə, fikir ayrılıqlarının aradan qaldırılmasına və tərəflər arasında etimadın möhkəmlənməsinə şərait yaradır.
34 ölkədən 70-dən çox nümayəndə iştirak edib
22–23 iyul tarixlərində keçirilən builki toplantı COP31 sədrliyi (Türkiyə və Avstraliya) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Tədbirdə COP31 sədrliyi, COP32-yə ev sahibliyi edəcək Efiopiya, Avropa İttifaqı, Çin, Rusiya, Misir, Pakistan, Keniya, Nigeriya və digər ölkələr də daxil olmaqla 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib.
Müzakirələrdə iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişikliklərinə uyğunlaşma, istixana qazı emissiyalarının azaldılması və COP31-in prioritet istiqamətləri əsas mövzular olub.
Toplantıda COP29, COP30 və COP31 sədrliklərinin həyata keçirdiyi “Belém 1.5 Missiyası” Troika mandatının icrası da diqqət mərkəzində olub.
XİN bildirib ki, Azərbaycan Braziliya, Türkiyə və Avstraliya ilə birlikdə ölkələrin milli iqlim öhdəliklərinin (NDC) və uyğunlaşma planlarının hazırlanmasına dəstək göstərən bu mandatın icrasında fəal iştirak edir.
Açıqlamaya görə, tədbir iştirakçıları “Şamaxı Toplantısı”nın dayanıqlı beynəlxalq platformaya çevrilməsini yüksək qiymətləndiriblər. 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək Efiopiya nümayəndə heyəti növbəti ilin iyul ayında Azərbaycanın birgə təşkilatçılığı ilə dördüncü Şamaxı Toplantısını keçirməyə hazır olduqlarını bəyan edib.
Azərbaycan yeni beynəlxalq mandatlar alıb
XİN vurğulayıb ki, COP30 çərçivəsində Azərbaycana ikinci dəfə Troika mandatının verilməsi ölkənin qlobal iqlim diplomatiyasında artan nüfuzunun göstəricisidir.
Bundan əlavə Azərbaycan və Braziliya COP31-in ev sahibi ölkəsinin müəyyənləşdirilməsi üzrə danışıqlarda xüsusi mandat alaraq Türkiyə və Avstraliyanın ev sahibi kimi müəyyənləşdirilməsinə töhfə veriblər. Həmçinin Azərbaycan və Braziliya inkişaf etməkdə olan ölkələr üçün illik 1,3 trilyon dollarlıq iqlim maliyyəsi məqsədini nəzərdə tutan “Bakıdan Beləmə Yol Xəritəsi”ni hazırlayıblar. COP30 çərçivəsində Azərbaycan və Norveç Paris Sazişinin Qlobal Qiymətləndirilməsi (GST) üzrə danışıqların irəlilədilməsi üçün “Nazirlər Cütlüyü” mandatını həyata keçiriblər.
Azərbaycan sentyabrda UNFCCC-nin “İqlim Həftəsi”nə ev sahibliyi edəcək
XİN-in məlumatına görə, 7–11 sentyabr tarixlərində Azərbaycan UNFCCC-nin ikinci “İqlim Həftəsi” tədbirinə ev sahibliyi edəcək.
Tədbir çərçivəsində UNFCCC Katibliyi, Türkiyə, Avstraliya, Braziliya və Azərbaycan tərəfindən 40-dan çox tədbirin keçirilməsi planlaşdırılır. İştirakçıların sayı və miqyasına görə “İqlim Həftəsi” COP və UNFCCC-nin yay sessiyalarından sonra keçirilən ən böyük beynəlxalq iqlim tədbirlərindən biri hesab olunur.
XİN vurğulayıb ki, bütün bu təşəbbüslər Azərbaycanın COP29-dan sonra da qlobal iqlim idarəçiliyində etibarlı tərəfdaş, konstruktiv vasitəçi və beynəlxalq iqlim diplomatiyasının aparıcı iştirakçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.